“Qalatasaray”da Mançini təhlükəsi
31.10.2013 - 02:14
“Qalatasaray”da Mançini təhlükəsi
İtaliya Futbol Federasiyasının prezidenti Cankarlo Abete “Qalatasaray”ın baş məşqçisi Roberto Mançini ilə bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, ölkəsinin mətbuatına danışan Abate həmyerlisi Mançini ilə çalışmaq istədiklərini deyib.

Təcrübəli mütəxəssisə təriflər yağdıran federasiya rəhbəri İtaliya millisinin hazırkı baş məşqçisi Çezare Prandellidən sonra Mançinini komandaya gətirə biləcəklərini bildirib: “Mançini çox təcrübəli mütəxəssisdir. O, İngiltərədə önəmli işlər gördü. Ona böyük rəğbətim var, amma Prandelli mənim üçün xüsusidir. Braziliyada keçiriləcək dünya kubokuna Çezare ilə getmək istəyirik. Ancaq bu alınmasa, bir nömrəli seçimimiz Mançini olacaq”.

Qeyd edək ki, bu açıqlama “Qalatasaray” rəhbəriliyini narahat edib. Çünki “sarı-qırmızılılar” sabiq baş məşqçilər Fatih Terimin Türkiyə millisinə getməsindən sonra Mançininin də İtaliya yığması ilə anlaşa bilər. Bu da klubu narahat edir.