“Tək Fərid Quliyev yox, hamı bazada qalır” - EKSKLÜZİV
31.10.2013 - 13:39
“Tək Fərid Quliyev yox, hamı bazada qalır” - EKSKLÜZİV
Türkiyənin “Kahramanmaraşspor” klubunun müdiri Numan Polatın apasport.az saytına müsahibəsi

- Dünən “Bandırmaspor”a kubokda 0:3 məğlub olduqdan sonra komandanızda rəhbərliklə məşqçilər heyəti arasında təcili iclas olub. Həmin toplantıda hansı müzakirələrin olunduğunu bilmək istərdik.
- Belə bir iclas nəzərdə tutulub. Ancaq toplantı sabah olacaq.

- Həmin iclasdan sonra bəzi futbolçuların heyətdən göndəriləcəyi deyilir. Bu, doğrudurmu?
- Bəli. Hər şey ola bilər. Özlərini göstərə bilməyən və ya zəif çıxış edən futbolçuların komandadan göndərilməsi mümkündür. Ancaq hələlik bu barədə dəqiq qərar çıxarılmayıb.

- Qərar “Tavşanlı Linyitspor”la çempionat oyunundan öncə, yoxsa sonra veriləcək?
- Bu qarşılaşmadan öncə hər şeyə aydınlıq gələcək.

- Komandadan göndərmək istədiyiniz futbolçular arasında azərbaycanlı Fərid Quliyevin adı varmı?
- Hazırda dəqiq bir şey söyləyə bilmirəm. Toplantıdan sonra buna da aydınlıq gələcək.

- Futbolçumuz əsas komandada “18-lik”də yer almır. Bu həftə onun əvəzedicilərin heyətində çıxış etdiyini gördük. Fəridin əsas komandada oynamasının səbəbi nədir?
- O, Azərbaycana getmişdi. 2 gün gec gəldi. Onun məşq çatışmazlığı olduğundan, bu həftə heyətə salınması yetərli görünmədi. Növbəti turda heyətdə yer ala bilər.

- Quliyev Bakıya Qurban Bayramı ilə əlaqədar gəlmişdi. Siz ona neçə günlük icazə vermişdiniz?
- Biz bütün futbolçulara bayramla əlaqədar 2 gün icazə vermişdik. Ancaq o, 4 gündən sonra düşərgəyə qayıtdı. Onu buna görə günahlandırmırıq. Futbolçudan asılı olmayan səbəblərdən gec gəlməsi mümkündür. Ancaq məşq əksikliyi vardı.

- Bəs Türkiyəyə qayıtdıqdan sonra gecikməsinin səbəbini ondan soruşmadınız?
- Dediyinə görə, sənəd məsələləri uzun sürdüyünə görə gecikib. Onsuz da biz buna görə ona problem yaratmadıq. Bayaq dediyim kimi, məşqlə bağlı çatışmazlıqlarına görə onu heyətə salmadıq.

- Onun hansısa zədə problemi də vardı...
- Yox, onu həll edib. Futbolçunun hazırda zədəsi yoxdur.

- Quliyev bildirib ki, ona mənzil verilmədiyindən klubun bazasında qalır...
- Tək Fərid Quliyev yox, hamı klubun bazasında qalır. Onun müqaviləsində belə bir şey yoxdur ki, ayrıca mənzil tutulsun.

- Futbolçu qidalanmadan da şikayətlənir, yeməkləri özü aldığını deyir...
- Komanda Kahramanmaraşda olmadığı zaman belə ola bilər. Ancaq bundan sonra belə bir şey olmaz. Komandamız səfər matçı üçün yollandığında 2-3 yemək verilməməyi mümkündür. Burda olarkən isə belə bir şey ola bilməz.

- Komandada maliyyə problemi də var. Fəridə nə qədər borcunuz var?
- Bir az problemlərimiz vardı. Bu həftədən etibarən həll olunacaq. Fəridə pullarının bir qismini vermişik. Bizim Fəridə vaxtı keçmiş borcumuz yoxdur.

- Bəs Fəridin komandanı bu həftə tərk etmək istəyinə necə baxırsız?
- Onunla görüşəcəyik.

- Nə vaxt?
- Sabah.

Səbuhi TOFİQOĞLU