“Rəvan”ın legioneri “itkin” düşüb
31.10.2013 - 16:08
 “Rəvan”ın legioneri “itkin” düşüb
“Rəvan” klubunun Sebastyan Kastro-Telyo ilə bağlı problemi yaranıb. Apasport.az saytının məlumatına görə, DÇ-2014-ün seçmə mərhələsinin son oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edərək vətənə dönən Çili əsilli isveçli futbolçudan səs-soraq yoxdur.

Kastro-Telyo Bakıda olmadığı müddətdə “Rəvan”ın baş məşqçisi postunda dəyişiklik baş verib, Vladislav Qədirovu Şahin Diniyev əvəzləyib. Üstəlik, paytaxt klubu Topaz Premyer Liqasında 3 oyun keçirib.

Məsələyə aydınlıq gətirmək üçün “Rəvan”ın vitse-prezidenti Bəhruz Şirəliyevlə əlaqə saxladıq. Klub rəsmisi legioner futbolçunun ailə problemini əsas gətirərək vətənə döndüyünü bildirib: “Sebastyan bizə dedi ki, övladı dünyaya gələcək, İsveçə dönməlidir. Biz də vəziyyəti nəzərə alıb, icazə verdik. Lakin klubdan oktyabrın 4-də ayrılsa da, hələ geri qayıtmayıb. Onunla əlaqə saxlanılsa da, probleminin olduğunu, bir qədər də yubanacağını söyləyib. Lakin biz tərəfdən futbolçuya bildirilib ki, tezliklə geri dönməsə, müqaviləsinə xitam veriləcək”.

Qeyd edək ki, “Rəvan”ın bu yay heyətinə qatdığı Sebastyan Kastro-Telyo ilə 1 illik müqaviləsi var.