Rauf Əliyev: Düzdü, “Bakı”da problemlər var – MÜSAHİBƏ
31.10.2013 - 16:59
Rauf Əliyev: Düzdü, “Bakı”da problemlər var – MÜSAHİBƏ
“Bakı” klubunun hücumçusu Rauf Əliyevin apasport.az saytına müsahibəsi

- Topaz Premyer Liqasında XII tura “Bakı” - “Simurq” görüşü ilə start veriləcək. Komandanız sabahkı oyuna nə dərəcədə hazırdır?
- Hazırlığımız yekunlaşıb. Komandada hər kəs “Simurq”la qarşılaşmanı düşünür. Son nəticələrimiz elə də yüksək deyil. Bu dəfə istəyirik ki, hər şeyi yoluna qoyaq. Qələbə qazana bilsək, gələn həftə keçirəcəyimiz oyuna yaxşı köklənəcəyik. Uşaqlar həvəslə hazırlaşıb. İnşallah, istədiyimiz nəticəni qazanarıq.

- Son 3 turda qələbə qazana bilməmisiniz. Bu cür qeyri-sabit çıxışınız nədən qaynaqlanır?
- Komandada çox dəyişiklik edilmişdi. Yeni futbolçularımız çoxluq təşkil edirdi. Təbii ki, onların uyğunlaşması üçün zamana ehtiyac var idi. Sonra zədəlilərin sayı artdı. Tədricən onlar sıraya dönür. Düzdü, problemlər var. Qələbə qazanmağa yaxın olduğumuz, hesabda öndə olduğumuz matçlarda xallar itirdik. Görünür, hamısı komandanın yeni qurulmasındandır.

- Zaqatala təmsilçisi müdafiədə yaxşı oynamaqla yanaşı, sürətli hücumlar zamanı da təhlükəli olur. Bu duellə bağlı nə deyə bilərsiniz?
- “Simurq” çətin komandadır. Fikrimcə, bu cür komandaya qolu nə qədər erkən vursan, xeyrinə olacaq. Çünki onlar qol buraxmadıqca qapanırlar və sonradan həmin müdafiəni yarmaq çətin olur. Birinci dövrədə bunun şahidi olduq. Gec qol vurduq.

- Son oyunlardakı uğursuzluğu bu qarşılaşma ilə kompensasiya etmək mümkün olacaqmı?
- Baş məşqçinin dediyini meydanda həyata keçirmək lazımdır. Çalışacağıq ki, qələbə qazanaq.

- Oyun planında müsbət mənada seçilirsiniz. Yəqin ki, yaxşı formada olmağınızda Milinko Pantiçin də əməyi var...
- Baş məşqçi hər zaman güvəndiyini bildirirdi. Bu da mənim üçün yaxşı dayaqdır. Çalışıram ki, gücümdən maksimum dərəcədə istifadə edim və komandama kömək edim. Vacib olan komandanın uğur qazanmasıdır.

- Kapitan sarğısını daşımağınızın psixoloji baxımdan təsiri varmı?
- Əsas kapitanımız Kamran Ağayevdir. Sadəcə, o zədəli olduğuna görə, sarğı mənə həvalə edilib. Mövsümün əvvəlində bir neçə kapitan seçildi ki, onların arasında mən də var idim. Sarğını daşımağımın oyunum üçün heç bir stimulu yoxdur. Kapitan oldum-olmadım, əlimdən gələnin ən yaxşısını sona qədər etməyə çalışıram.

- Komandada maliyyə probleminin olması haqda da xəbərlər yayılıb. Bu nə dərəcədə doğrudur?
- Heç bir problem yoxdur.

- Sonuncu dəfə hansı ayın maaşını almısınız?
- (fikirləşir) Narahat olmağa dəyməz.