Yerlilər əcnəbilərə qarşı: Kimdir güclü?
01.11.2013 - 12:59
Yerlilər əcnəbilərə qarşı: Kimdir güclü?
Topaz Premyer Liqasının XII turunun hər 2 mərkəzi oyunu yerli və əcnəbi baş məşqçilərin dueli ilə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, “Neftçi” – “Xəzər Lənkəran” və “Qarabağ” – “Qəbələ” matçlarının hər ikisində yerli mütəxəssis ev sahibi, onun legioner həmkarı isə qonaq komandanı meydana çıxaracaq.

Öz meydanında oynayacaq klublar müvafiq olaraq, Nazim Süleymanovla Qurban Qurbanovun rəhbərliyi altında qələbəyə can atacaq. Qonaqlar isə növbəti 3 xalını Con Toşakla Yuri Syominin tapşırığı ilə qazanmalıdır.

Cari mövsüm Topaz Premyer Liqasının arxada qalan hissəsində artıq 31 belə duel baş tutub. Keçirilən 55 oyunun 12-də yerli, 12-də əcnəbi qarşıdurması yaşanıb.

Hələlik minimal üstünlük legionerlərin tərəfindədir. Gəlmə mütəxəssislər 12 dəfə yerlilərə qalib gəlib. Azərbaycanlı baş məşqçilərin isə 11 qələbəsi var. Digər 8 görüşdə qalib müəyyənləşməyib. Top fərqində isə bu üstünlük daha böyükdür – 40:31.

Əcnəbilər bu üstünlüyü ev oyunlarında əldə edib: 7 qələbə, 3 heç-heçə və 5 məğlubiyyət. Yerlilər də meydan amilindən azca yararlana bilib: 6 qələbə, 5 heç-heçə, 5 məğlubiyyət.

Qeyd edək ki, XII turda daha bir yerli-əcnəbi dueli baş tutacaq. Kaxaber Sxadadzenin çalışdırdığı “İnter” Şahin Diniyevli “Rəvan”ı sınağa çəkəcək.