Anar Bəkirov: Bizdə kadr dəyişikliyi olmalıdı – MÜSAHİBƏ
01.11.2013 - 13:34
Anar Bəkirov: Bizdə kadr dəyişikliyi olmalıdı – MÜSAHİBƏ
“Simurq”un prezidenti Anar Bəkirovun apasport.az saytına müsahibəsi

- Komandanız bu gün ilk dövrədə böyük hesabla uduzduğu “Bakı” ilə qarşılaşacaq. Bu oyundan nə gözləyirsiz?
- Nə deyim? Komanda meydana ancaq qələbə üçün çıxacaq. Başqa cür ola bilməz.

- Sonuncu dəfə sentyabrın 15-də “Sumqayıt”ı məğlub etmisiniz. Ancaq son 5 oyundur ki, qələbə qazana bilmirsiniz. Bunun səbəbi nədir?
- 3-4 əsas heyət futbolçumuz gah diskvalifikasiya olunub, gah da zədəlidir. Bizim kimi maliyyə vəziyyəti o qədər də güclü olmayan, eləcə də ehtiyat oyunçular skamyası zəngin olmayan bir klub üçün belə vəziyyətdə oynamaq çox çətindir. Ancaq nəzərə almaq lazımdır ki, bu 5 oyunda cəmi 1 dəfə “Xəzər Lənkəran”a məğlub olmuşuq. Qalan görüşlərdə “Qarabağ”, “Qəbələ”, AZAL və “Neftçi” kimi ilk “beşlik”də olan klublarla heç-heçə oynamışıq. Bir tərəfdən pisdir ki, neçə oyundur qələbə qazana bilmirik. Digər tərəfdən də yaxşıdır ki, uduzmuruq. “Xəzər Lənkəran”a məğlub olduğumuz oyunda hakim haqsızlığı ilə rastlaşırıq. Ötən tur “Neftçi”yə qarşı 5 əsas oyunçumuz iştirak edə bilmirdi. Ancaq hazırda cəzalı durumda olan yalnız İlkin Qırtımov qalıb. O da gələn turdan komandaya kömək edə biləcək. Bundan sonra Allahın köməkliyi ilə işlərimiz qaydasına düşər.

- Yeri gəlmişkən, “Qəbələ” ilə matçda hakimi təhqir etdiyi üçün 4 oyunluq diskvalifikasiya olunan İlkin Qırtımova görə kəsilən cəza sizi razı saldımı?
- Biz bu cəzadan narazı qalmadıq. Heç bununla bağlı Apellyasiya və Ekspert Komitəsinə müraciət də etmədik. İlkin komandadan önündə üzr istəyib. Ona qarşı klub tərəfindən maddi cərimə də tətbiq olunub.

- Ancaq Qırtımov həmin oyundan sonra müsahibəsində hakimə ana söyüşü etmədiyini söyləmişdi...
- Özü belə deyə bilər. Ancaq olan olub, keçən keçib. Sadəcə, onun kapitan ola-ola komandasını azlıqda qoyması düzgün olmadı. Əsas odur ki, İlkin cavan oğlandır, potensialı da çox böyükdür. O, Azərbaycan futbolu üçün də yaxşı oyunçu ola bilər. Odur ki, gərək bundan dərs çıxarsın və gələcəkdə belə səhvlər buraxmasın.

- Dediyiniz kimi, uduzmadığınız oyunların əksəriyyətində heç-heçə etmisiniz. “Neftçi” ilə oyunda ancaq müdafiə futbolu nümayiş etdirdiniz. Halbuki, ötən mövsümün “Simurq”u güclü rəqiblərinə də qalib gələ bilirdi. Bu enişin səbəbi heyətin zəif olmasıdır?
- Yox, heyət zəif deyil. Sadəcə, ötən il çoxları bizi güclü rəqib kimi hesab etmirdi. Klubların bizə qarşı motivasiyası fərqli idi. Üstəlik, rəqiblərimizin içərisində də bəzi problemlər vardı. Biz də işimizə düzgün yanaşaraq, bunlardan yararlanırdıq. Fikir vermişdinizsə, ötən mövsüm xalların çoxunu qış fasiləsinə qədər yığmışdıq. Bu il oyunumuzun alınmamağının bir səbəbi də odur ki, biz 2 aydır ancaq səfərdə oynayırıq. Yalnız növbəti turdan “İnter”lə ev oyunumuzu Zaqatalada keçirə biləcəyik. Yeni meydançamız artıq hazırdır. Əsas hücumçumuz (serbiyalı Draqan Çeranı nəzərdə tutur – S.T.) “Qarabağ”la oyunda hakimi təhqir etdiyi üçün 4 oyunluq cəza almışdı. O, bu turdan komandaya kömək edə biləcək. Rövşən Əmiraslanovu səviyyəli yerli futbolçu kimi heyətə qatmışdıq. Ancaq o da zədələnib və cəmi 1 oyunda bizə kömək edə bilib. Bütün bu amillər bizim zəif çıxış etməyimizə səbəb olur.

- Stadionunuzun təmirdə olduğunu bilirdik. Ancaq ev oyunları kimi gah “Qəbələ”nin stadionundan, gah “Bayıl Arena”dan, gah da “Şəfa”dan yararlandınız. Tez-tez fərqli məkanlarda çıxış etməyinizin səbəbi nədir?
- Qəbələ Zaqatalaya daha yaxın şəhərdir. Azarkeşlərimizi nəzərə alaraq əvvəl burda oyunlarımızı keçirdik...

- Amma sonra Bakıya köçdünüz...
- Elə bilirdik ki, stadionumuz tez düzələcək. Ona görə də ordan ayrıldıq. Üstəlik, “Qəbələ” də ev oyununu həmin stadionda keçirməli idi. Ona görə də Bakıya qayıtdıq. Cəmi 1 oyunu – “Xəzər Lənkəran”la matçı Bayılda keçirdik. Çünki həmin gün “Şəfa”dan “İnter” yararlanmalı idi.

- Millimizin sabiq futbolçusu olmuş Ədahim Niftəliyevin “Simurq”un U-19 komandasına rəhbərlik edəcəyi deyilir. Bu nə dərəcədə doğrudur?
- U-19-da bizdə başqa adam çalışır. Ancaq bizdə bəzi dəyişikliklər olmalıdır. Bəzi kadr dəyişiklikləri edəcəyəm. Bunun üçün 3-4 günlük Zaqatalaya gedəcəyəm. Ancaq hələlik bu adamın adı mənə deyilməyib.

- Komandanızın sabiq qapıçısı Dmitri Kramarenko millimizin Rusiya ilə oyunu öncəsi qonşu mətbuata müsahibə vermişdi. O, “İnter”in “Simurq”un “böyük qardaş”ı olması fikrini təsdiqləmişdi...
- Bilmirəm, o bunu deməklə nə fikirləşib. Onun müsahibəsindən xəbərim yoxdur. Hər halda, ötən dəfə “İnter”lə matçda bilindi ki, kim kimdir. Göründü ki, “farmklub” söhbəti boş şeydir. Son 2 oyunda biz qalib gəlmişik. Yəqin ki, bundan sonra bu söz-söhbətlər qurtaracaq.

Səbuhi TOFİQOĞLU