Arda Turan Azərbaycanlı futbolçulara səsləndi
01.11.2013 - 14:42
Arda Turan Azərbaycanlı futbolçulara səsləndi
“Bakı” klubundan İspaniya “Atletiko”sunun düşərgəsinə 5 futbolçu yollanacaq. Apasport.az saytının məlumatına görə, bununla bağlı bu gün mətbuat konfransı keçirilib.

Tədbirə “Atletiko” rəsmiləri ilə yanaşı, “Bakı”nın prezidenti Hafiz Məmmədov gənclər və idman naziri Azad Rəhimov da qatılıb.

“Bakı”nın icraçı direktoru Yaşar Seyidov 1 qapıçı və 4 meydan oyunçusunun “Atletiko”nun akademiyasına həm təhsil, həm də futbol biliklərini yollanacaqlarını bildirib. Onun sözlərinə görə, 1999-cu il təvəllüdlü gənclər 2016-cı ildə Azərbaycanda keçiriləcək yeniyetmələr arasında Avropa çempionatında iştirak üçün yollanacaqlar. Gələcəkdə seçilmiş uşaqların Fransa “Lans”ının düşərgəsinə gedəcəyi də gözlənilir.

Azad Rəhimov isə “Bakı”ya öz minnətdarlığını bildirib: “Şəxsən mən, Azərbaycan idmanı, futbolçumuzun gələcəyi baxımından bu tədbir çox əhəmiyyətlidir. Belə tədbirlərdən vacibi yoxdur. Hamımız bir çıxış edirik ki, futbolu uşaqlıqdan təbliğ etməli, futbolçuları akademiyalara göndərməliyik. Bunsuz futbolun inkişafı mümkün deyil. İlk dəfə bizim qaranquşlar ilk dəfə “Atletiko”nun düşərgəsinə futbol oynamağa gedirlər. Prezident İlham Əliyevin imzaladığı proqramda da bu məsələ əksini tapır. Bu gün bu proqramın icrasını təmin edirik. Fürsətdən istifadə edərək, uşaqları təbrik edirik. Çox sevinirik ki, bir neçə mərhələli seleksiya keçirilib. Bura gələn mütəxəssislər onları bəyəniblər. Bu isə Azərbaycanın ən güclü futbolçularının burada olduqları deməkdir. İnanırıq ki, 16 yaşadək yığmamızın üzvləri kimi qayıdarkən bizləri sevindirəcəklər. Heç zaman yaddan çıxarmayın ki, Azərbaycanı qərib ölkədə təmsil edəcəksiniz. Sizinlə rastlaşanlarda Azərbaycanın təəssüratı yaranacaq. Ölkəmiz haqqında hər şeyi bilməli, Azərbaycanın bayrağını daim yüksəklikdə saxlamalısınız. Bu ruh olsa, hər şey yaxşı olacaq”.

Daha sonra “Atletiko”nun əsas komandasının məşqindən hazırlanan süjet göstərilib. Süjetdə “Atletiko”nun türkiyəli futbolçusu Arda Turanın fikirləri də yer alıb: “Azərbaycanlı futbolçuları burada görəcəyimizdən şadıq. Bura sizin evinizdir. Evinizdən bir fərq yoxdur. İnşallah, xoşbəxt günlər keçirərsiniz. Azərbaycandan olan sponsorumuza təşəkkür edirik“.