İFFHS qayıtdı
01.11.2013 - 14:51
İFFHS qayıtdı
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 7 aylıq fasilədən sonra fəaliyyətini davam etdirəcək. Apasport.az saytının məlumatına görə, dünya futbolu ilə bağlı statistikalar hazırlayan qurum yenidən təsis olunmaq üzrədir.

1984-cü ildə almaniyalı Alfredo Pojenin yaratdığı və prezidenti olduğu İFFHS onun ölümündən sonra fəaliyyətini dayandırmışdı. Bu üzdən də 2013-cü ilin martından federasiya fəaliyyət göstərmirdi.

Qurum rəhbərliyində yer alanlar da, ölkələr üzrə nümayəndələr də İFFHS-in bərpasına çalışsa da, bu, gerçəkləşmirdi. Nəhayət Robert Leyin təşəbbüsü ilə İsveçrənin Lozanna şəhərində bir araya gələn üzvlər federasiyanı yenidən təsis etməyə qərar veriblər. Yeni yaranan təşkilat əvvəlki İFFHS-ın xələfi olacaq. Artıq bununla bağlı qurumun bütün dünya ölkələrindəki nümayəndələrə məlumat verilib və onlara yenidən təşkilatla əməkdaşlıq təklif edilib.

Qeyd edək ki, yeni federasiyanın prezidenti fransalı Robert Ley olacaq. Onun vitse-prezidentləri isə danimarkalı Yorgen Nilsen və argentinalı Xulio Ektor Maçiasdır.