Luiz Paulo Hilario: Yuri Syomin sistemi dəyişib - MÜSAHİBƏ
01.11.2013 - 17:12
Luiz Paulo Hilario: Yuri Syomin sistemi dəyişib - MÜSAHİBƏ
“Qəbələ” klubunun yarımmüdafiəçisi, “Dodo” ləqəbli Luiz Paulo Hilarionun apasport.az saytına müsahibəsi

- Bazar günü sonra “Qarabağ”la qarşılaşacaqsınız. Əvvəlcə oyuna hazırlıqla bağlı məlumat verərdiniz.
- Təkcə “Qarabağ”la oyuna deyil, bütün matçlardan əvvəl hər kəs diqqətini həmin qarşılaşmaya yönəldir və hazırlaşır.

- Ab-hava necədir? Futbolçular oyuna köklənə biliblərmi?
- Hamı oyuna hazırlaşır, qalib gəlmək istəyirik. Ona görə də məşqlərdə bacardığımız yaxşı çalışırıq. Komandamız bir ailə kimi birləşib. Hamı bir-biri ilə dost münasibətdədir. Əsas danışmaq yox, meydanda nəyə qadir olduğunu göstərməkdir.

- Əksər klublardan fərqli, “Qarabağ”ın oturuşmuş heyəti var. Rəqibi nə dərəcədə təhlükəli hesab edirsiniz?
- Bizim üçün “Qarabağ”a qarşı oynamaq nə qədər çətindirsə, onların da “Qəbələ”yə qarşı oynaması bir o qədər çətindir. “Qarabağ” hazırda birinci yerdədir. Biz isə həmin pilləni ələ keçirmək istəyirik. Onlar öz mövqelərini qorumağa çalışacaqlar. Yəni, hər iki komanda üçün çətin olacaq.

- “Qarabağ”ın heyətində fərqləndirmək istədiyiniz futbolçu varmı?
- Rəqib bizimlə oyunda qol vurmağa çalışacaq. Bu onların komandası üçün yaxşı haldır. Bizdə isə qapıçıdan tutmuş hücumçuya qədər hamı əlindən gələnin ən yaxşısını etməyə çalışacaq ki, “Qarabağ” qapımıza qol vurmasın.

- I dövrədəki oyunda məğlub olmuşdunuz. Hazırkı vəziyyəti nəzərə alsaq, Bakıdakı dueldə “Qəbələ”ni heç-heçə qane edəcək?
- Doğma meydanımızdakı oyun zamanı komandamız yeni yığılmışdı, təzə futbolçularımız var idi. Futbolçular bir-birini yaxşı anlamırdılar. İndi isə vəziyyət fərqlidir. Bir-birimizi yaxşı başa düşürük. Fərqli bir qarşılaşma izləyəcəyimizi düşünürəm. Hər iki komanda nəticəni öz xeyrinə dəyişmək üçün çalışacaq. Çətin qarşılaşma olacaq.

- “Qəbələ”də xeyli müddətdir çıxış edirsiniz. Yuri Syominin futbolçuları oyuna kökləmə üsulu əvvəlki məşqçilərin sistemindən çox fərqlidir?
- Başlayaq Toni Adamsadan. O, yaxşı futbolçu olsa da, baş məşqçi kimi uğur qazana bilmədi. Fatih Kavlak isə fiziki hazırlıq üzrə məşqçi idi. Onun təcrübəsi istədiyi nəticəni əldə etməyə yetmədi. Yuri Syomin isə gənc yaşlarından məşqçiliyə başlayıb. Təcrübəli mütəxəssis kimi, onun xüsusi taktikası, sistemi, planları var.

- Əvvəlki baş məşqçilərin vaxtından ilk “11-liy”in dəyişməz üzvü idiniz? Amma Syomin sizə əvəzetmədən meydana daxil olmaq imkanı yaradır. Bunun səbəbi nədir?
- Ehtiyatda qalmağımın səbəbi limitlə bağlıdır. Bildiyiniz kimi, meydanda 4 yerli futbolçu olmalıdır. Bizdə Amit Quluzadə zədələndi, eyni zamanda Nizami Hacıyevin qardaşı dünyasını dəyişdi. Limiti düzəldəcək yerli futbolçularımız olmadığından, baş məşqçi sistemi dəyişdi. Buna görə də ehtiyatda qaldım. Deyə bilərəm ki, baş məşqçi oyunumu bəyənir, çıxışımdan razıdır. Əsas heyətdə yer almamağım zəif oynamağımdan irəli gəlmir. Bütün qarşılaşmalarda aqressiv şəkildə çıxış edirəm.

- “Qarabağ” – “Qəbələ” matçının taleyini braziliyalıların həll edəcəyini düşünmək olarmı?
- Hər iki komandanın heyətində braziliyalı futbolçular var. “Qarabağ”dan Riçard Almeyda yaxşı oyunçudur, mərkəzdə topa sahib çıxan kimi sürətli hücumlar qurur. Reynaldo isə çoxlu qollar vurur. Bizdə isə Leonardo Silva sürətli, texnikalı oyunçudur. Hər zaman qol vurmağa çalışır. Mən də həmçinin. Çalışıram ki, oyunumla komandama kömək edim, qollar vurum. Bir fikir deyim, braziliyalı futbolçular klublarında yaxşı mənada seçilirlər. Bu tək Azərbaycanda deyil, dünyada belədir. Nəticənin necə olacağını isə oyundan sonra biləcəyik.