Zeynal Məmmədov: Kişi sözünün üstündə durar
02.11.2013 - 10:16
Zeynal Məmmədov: Kişi sözünün üstündə durar
“Mən may ayından bəri “Bakı”dan istefa vermişəm. Kişi sözünün üstündə durar. Mən sözü bir dəfə deyirəm. “Bakı”ya qayıtmamışam”. Bunu apasport.az saytına “Bakı”nın sabiq meneceri Zeynal Məmmədov deyib.

Dünən “Bakı”nın 5 yeniyetmə futbolçusu Madrid “Atletiko”sunun düşərgəsinə yola salındı. Bundan öncə isə gənclər və idman naziri Azad Rəhimov, “Bakı”nın prezidenti Hafiz Məmmədov, klubun icraçı direktoru Yaşar Seyidov, “Atletiko”nun Marketinq və Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Emilio Qutyerres və AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlunun iştirakı ilə mətbuat konfransı təşkil olundu.

Tədbirdən öncə qonaqlar arasında görünən Zeynal Məmmədova mətbuat konfransı başa çatdıqdan sonra yaxınlaşdıq. Müsahibə vermək istəmədiyini bildirən Məmmədov Latviyanın paytaxtı Riqada şəxsi biznesinin olması faktını yalanladı. O, “Bakı”nın tədbirində iştirak etməsini isə belə əsaslandırdı: “Mənim Latviyada şəxsi biznesimin olmasını ortaya çıxaranlar cəfəngiyyat yazırlar. Burda olmağımın səbəbi sizə qəribə gəlməsin. Bu klubdan çıxsam da, “Bakı” mənə doğma klubdur. Qardaşımın klubudur. Ona görə də burdayam”.

Qeyd edək ki, “Bakı”da yaxınlarda kadr dəyişikliyi olacaq. Bundan sonra kimin hansı vəzifədə işləməsinə rəsmən aydınlıq gələcək.