Patrik Osiako: Referinin verdiyi qərarlar psixoloji cəhətdən bizi sındırdı - MÜSAHİBƏ
02.11.2013 - 13:39
Patrik Osiako: Referinin verdiyi qərarlar psixoloji cəhətdən bizi sındırdı - MÜSAHİBƏ
“Simurq”un və Keniya yığmasının yarımmüdafiəçisi Patrik Osiakonun apasport.az saytına müsahibəsi

- “Bakı”ya yenildiyiniz oyunda ilk qolunuzu vurdunuz. Qarşılaşma haqqında fikirlərinizi bildirərdiniz.
- Oyun bizim üçün bir qədər çətin keçdi. Artıq 20-ci dəqiqədə baş hakim bizim qapımıza penalti təyin etdi. Ancaq fasiləyə kimi hesabı bərabərləşdirə bildik. İkinci hissə də çətin keçdi. Fikrimcə, fasilədən sonra bizim qol vurmaq şanslarımız çox olsa da, qələbə qazanmaq imkanımız məhdud idi. Çünki referinin verdiyi qərarlar psixi cəhətdən bizi sındırdı. İkinci hissədə verilən penalti də düzgün deyildi. Ancaq vicdanla danışsaq, ümumilikdə hər iki komanda meydanda yaxşı təsir bağışlayırdı. İndi bu matçı unudub növbəti oyunu düşünməliyik. Çalışmalıyıq ki, heç olmasa həmin görüşdə qələbə qazanaq.

- Siz düşünürsünüz ki, baş hakim oyunu “öldürdü”?
- Bəli. Tamamilə doğrudur. O, bizim oyunumuzun nəticəsinə kobud şəkildə təsir etdi. Rəqib futbolçu bizim oyunçuya toxunsa da, xəbərdarlıq vermir. Ancaq qapımızda kiçik toxunma olan kimi penalti verirdi. Düşünürəm ki, bu qarşılaşmada hakimliyin səviyyəsi çox aşağı idi.

- Görüşdən heç-heçə ilə ayrılsaydınız, nəticədən razı qalacaqdınız?
- Fikrimcə, “Bakı” evdə oynadığı üçün onları ancaq qələbə razı sala bilərdi. Biz isə qonaq komanda olduğumuzdan, 1 xala da qane olacaqdıq. Ancaq ümumilikdə bütün oyunlara olduğu kimi, bu dəfə də meydana qələbə istəyi ilə çıxmışdıq. Ancaq hakimin özbaşınalıqları nəinki qələbə xalımızı əlimizdən aldı, eləcə də bizi haqqımız çatan 1 xaldan da məhrum etdi. Halbuki biz bu oyunda çox yaxşı çıxış etmişdik.

- 6 oyundur ki, qələbə qazana bilmirsiniz. Bu dəfə deyək ki, hakimliyin səviyyəsi sizin başınızda partladı, bəs digər qarşılaşmalarda?
- Səbəb odur ki, bu görüşlərdə əsas oyunçularımızın çoxu meydanda olmayıb. Bəzisi qırmızı vərəqəyə görə oynamayıb. Bəziləri isə zədəli olub. Ancaq indi hər şey qaydasındadır. Artıq serbiyalı hücumçumuz Draqan Çeran da cəzasını başa vuraraq sıraya qayıdıb. Rəşad Eyyubov da komandaya qoşulub. Növbəti oyundan müdafiəçimiz və kapitanımız olan İlkin Qırtımov da cəzalı durumdan qurtulacaq. Ümid edirəm ki, növbəti turda hər şey qaydasına düşəcək. Çünki bir neçə əsas heyət üzvü olmadan qalib gəlmək çox çətindir.

- Ola bilərmi ki, tez-tez meydança dəyişdirməyiniz də qələbə qazanmağınıza mane olur?
- Mən düşünmürəm ki, bu amil bizim oyunumuza təsir etsin. Bilirsiniz, futbol elə futboldur. Yağışda, günəşli və ya aylı havada oynamasından asılı olmayaraq, biz ruhən meydana çıxmağa hazır olmalıyıq. Bu gün “Bakı”nın bazasında oynayırıqsa, sabah “Şəfa”da, digəri gün “Bayıl Arena”da oyun keçirə bilərik. Bunun görüşlərin nəticəsinə təsirindən söz açmaq olmaz. Hər şeyə hazır olmalıyıq.

- Növbəti turda “İnter”lə oynayacaqsınız. Bu matçı ilk dəfə Zaqatalada keçirəcəksiniz...
- Fikrimcə, oyunçular, eləcə də azarkeşlər üçün Zaqatalada oyun keçirməyimiz sevindirici hal olacaq. Evdə oynayanda futbolçular üçün də asan olur. Çünki stadiona daha çox səni tribunalardan dəstəkləyən azarkeşlər toplaşır. Onda futbolçu da meydanda olan hər şeyi yaxşı başa düşmək imkanına sahib olur. Ancaq Bakıda oynayanda sanki qonaq qismində meydana çıxırsan.

Səbuhi TOFİQOĞLU