Kapello: Azərbaycandan buraxdığımız qol məni özümdən çıxara bilməz
02.11.2013 - 16:45
Kapello: Azərbaycandan buraxdığımız qol məni özümdən çıxara bilməz
“Bilirsiniz, mənə təəccüblü gəlir ki, siz daima mənfi anlara toxunursunuz. Sizdən fərqli, mən müsbət şeylər haqda danışmağa üstünlük verirəm. Şimali İrlandiyaya məğlubiyyətdən sonra komandadan əla reaksiya gördüm. Nəticələr özü hər şeyi deyir”. Apasport.az saytının məlumatına görə, bunu Rusiya millisinin baş məşqçisi Fabio Kapello deyib.

Rusiya millisinin italyan çalışdırıcısı SE TV-də efirə gedən “Tunnelin sonunda” verilişinin aparıcısı Yevgeni Dziçkovskinin qonağı olub. Həmkarımız Kapellodan geniş müsahibə götürmək imkanı əldə edib. Həmin vaxt təcrübəli mütəxəssis millimizlə də oyuna toxunub və Vaqif Cavadovun vurduğu qolun oyundankənar vəziyyət olduğunu bildirib: “Biz seçmə mərhələdə çox qol vurduq və ilk pilləni tutduq. Baxmayaraq ki, Azərbaycanla oyunun son dəqiqələrində top buraxdıq. Yeri gəlmişkən, həmin qolun ofsayddan vurulduğunu hamı gördü”.

Dziçkovski millimizlə oyundan sonra Kapellonun azlıqda qalmış rəqibindən son dəqiqələrdə top buraxmasına görə futbolçulara hirslənməsi ilə bağlı da sual verib. Don Kapellonun cavabı belə olub: “İnanın ki, buraxdığımız qol məni özümdən çıxara bilməz. Hirslənməyim heç də buna görə deyildi. Sadəcə futbolçular bizim məşqlərdə üzərində işlədiklərimizi yerinə yetirmədilər. Ümumiyyətlə, hesab etmirəm ki, qarşılaşma çox pis alındı. Biz kifayət qədər vəziyyət yaratdıq və matçın lap sonunda qol buraxdıq. Üstəlik, yan xətt hakimi ofsaydı qeydə almadı ki, bu da mənim üçün qaranlıq qaldı. Bununla belə, öz oyunçularıma bəraət qazandırmaq fikrim yoxdur. Nəticə nəticədir... Ümumiyyətlə, məğlubiyyətdən sonra hirslənməkdənsə, qələbədən sonra bunu etmək daha yaxşıdır”.

Qeyd edək ki, oktyabrın 15-də Bakıda baş tutan oyunda millimiz Rusiya yığması ilə heç-heçə (1:1) edib.