Laşa Salukvadze: Ola bilsin, biz zəif görünürük - MÜSAHİBƏ
04.11.2013 - 00:07
Laşa Salukvadze: Ola bilsin, biz zəif görünürük - MÜSAHİBƏ
Topaz Premyer Liqasının XII turunda “Rəvan”ı 3:2 hesabı ilə məğlub edən “İnter” klubunun gürcüstanlı mərkəz müdafiəçisi Laşa Salukvadzenin apasport.az saytına müsahibəsi

- “Rəvan”a qalib gəldiniz. Ancaq 3 xalı çətinliklə əldə etdiniz...
- Doğrudan da, çox çətin qarşılaşma oldu. Doğma meydanda oynadığımızdan, qələbə bizim üçün çox vacib idi. Sevinirik ki, bu tapşırığın öhdəsindən gələ bildik.

- Ardıcıl 2 oyunda qələbə qazansanız da, ümumi götürdükdə qeyri-sabit çıxış edirsiniz. Bunun səbəbi nədir?
- Ola bilsin, biz zəif görünürük. Ancaq xal itirdiyimiz oyunlarda belə, yaxşı çıxış etmişik. Biz gözəl futbol nümayiş etdiririk. “Rəvan” üzərindəki qələbə də buna bir sübutdur.

- “Rəvan”la oyunlarınız bol qollu alınır. İlk görüşdə də bu komandanı 5:1 hesabı ilə yenmişdiniz. Bu, hər iki komandanın açıq futbol nümayiş etdirməsindən xəbər verir?
- Bu komandaların əvvəlki qarşılaşmalarının nəticələrinin necə olduğunu bilmirəm. Bircə onu bilirəm ki, bizdə yaxşı hücumçular var ki, hər zaman rəqib qapısına yol tapmaq üçün çox təhlükəlidirlər. Rəqib də irəli atıldığından, onlara əks-hücumlarda qol vurmaq mümkün olur. Belədə açıq futbol gedir.

- Hesabı artıq 5-ci dəqiqədə açdınız. Nə qədər açıq futbol alınsa da, yəqin ki belə erkən qol vuracağınızı gözləmirdiniz...
- Yox, açığı, gözləyirdim. Çünki oyuna yaxşı köklənmişdik. Əsas odur ki, erkən qol vurmaqla yanaşı, qapımızdan erkən top buraxmadıq. Erkən qollar matçın nəticəsinə çox təsir edir.

- Bir ara çox ciddi zədələnmişdiniz. Həmin vaxtlar komandanız çox zəif nəticələr göstərirdi. Onda heç zədəli olduğunuza və komandanıza kömək edə bilmədiyinizə görə təəssüflənirdinizmi?
- Əlbəttə ki... Zədə məni komandadan ayrı salmışdı. Kənardan komandanın oyununa baxanda, adam istəyirdi ki, meydana çıxıb əlindən gələn köməyi əsirgəməsin. Düzdür, əvvəlki zədəm bəzən məni incidir. Amma indi oynamaq gücündəyəm.

Səbuhi TOFİQOĞLU