Duqlas Leyte: Yalnız bir şey pisdir ki... - MÜSAHİBƏ
04.11.2013 - 15:19
“Xəzər Lənkəran” klubunun qapıçısı Duqlas Leyte Braziliya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, 33 yaşlı qolkiper ölkəmizə transferi, Azərbaycan və klubu haqda danışıb.
- Azərbaycanda həyat tərzi necədir?
- Bura çox sakitlikdir. Biz paytaxt Bakıda yaşayırıq. Şəhərin əhalisi 2 milyondan yuxarıdır. Bakıda hər şey var, ticarət mərkəzləri, parklar və s. Xoşbəxtlikdən burada yaşamaq təhlükəsizdir. Yalnız bir şey pisdir ki, havalar soyumağa başlayıb. Bu da bir az mane olur.
- Bəs ölkənin mədəniyyəti necədir?
- Azərbaycan müsəlman ölkəsidir. Bu üzdən bir az diqqətli olmağı tələb edir. Bizim normal qarşıladığımız müəyyən jestlər, münasibətlər qəbul olunmur. Onlar gündə 3-4 dəfə ibadət edirlər. Lakin Azərbaycan daha liberal ölkədir. Burada qadınlar adi geyim geyirlər. Onların hicab geyməsi məcburi deyil.
- Azərbaycana ailənizlə birlikdə getmisiniz. Siz, xanımınız və uşaqlarınız yeni mühitə uyğunlaşa biliblər?
- Artıq uyğunlaşmışıq. Bu da yaxşı haldır. Ümumiyyətlə, biz getdiyimiz yerə uyğunlaşmağa adət etmişik. Qızım məktəbə gedir və yeni mədəniyyətə uyğunlaşır.
- Azərbaycan mətbəxi haqda nə düşünürsünüz?
- Burada mətbəx fərqlidir. Lakin həyat yoldaşım Braziliyadan çoxlu qida məhsulları gətirib. Evdə olanda mən də bu yeməklərdən yeyirəm. Komanda ilə səfərə çıxanda və ya toplanış vaxtı isə bütün komanda yoldaşlarımın yediyi ilə qidalanıram.
- Bəs Azərbaycan futbolu haqda nə düşünürsünüz?
- Burada oyunlar yalnız həftəsonu, istirahət günləri keçirilir. Şərait isə əladır. “Xəzər Lənkəran”ın futbolçular üçün əla infrastrukturu var. Burada titul qazanmaq çox vacibdir. Biz də Superkuboku qazandıq. “Xəzər Lənkəran” 5 ildir mükafat qazana bilmirdi. Bu üzdən biz çox sevindik. Milli çempionat isə gələn ilin mayında başa çatır.
- Yad ölkə, yad dil, ünsiyyətlə bağlı çətinlik çəkmirsiniz ki?
- Futbolda müəyyən universal dil var. Sizcə elə deyil ki? Meydanda da, məşqdə də ingiliscə danışmağa cəhd edirəm. Braziliyalılara da kömək etmək üçün tərcüməçimiz də var. Meydandan kənarda isə çox çətindir. Çünki çox az azərbaycanlı ingiliscə bilir. Bu üzdən jestlər, səslər, işarələrlə nəsə etməyə çalışırsan. Həm də gülüş obyektinə çevrilməməyə cəhd edirsən.
- Braziliyalı azarkeşlərə sözünüz nədir?
- Allaha şükür edirəm ki, mənə belə imkan yaradıb. Braziliyadakı dostlarıma, qohumlarıma mənə dəstək olduğu üçün təşəkkür edirəm.
0
0