Şahin Diniyev: ... nəyimə lazımdı belə futbolçular?
05.11.2013 - 00:01
Şahin Diniyev: ... nəyimə lazımdı belə futbolçular?
“Rəvan” klubunun baş məşqçisi Şahin Diniyevin apasport.az saytına müsahibəsi

- Komandanı Topaz Premyer Liqasında 3 qarşılaşmaya çıxarmısınız. “İnter”lə görüşü sizin rəhbərlik etdiyiniz kollektivin ən yaxşı oyunu adlandırmaq olarmı?
- Futbol adamları yaxşı bilir ki, indiki “Rəvan” hansı vəziyyətdədir. Biz öncə komandaya oyun gətirmək istəyirik. Ancaq indiki vaxtda nəticə də lazımdır. Anlamaq lazımdır ki, oyun olmasa, nəticə də olmayacaq. Məncə, həftədən həftəyə komanda yaxşı çıxış edir. “Neftçi”yə nisbətən “Bakı” ilə görüşdə yaxşı çıxış etdik. “İnter”lə matçda isə “Bakı” ilə matçdan da yaxşı oynadıq. Artıq hücumların qurulmasında, müdafiədən hücuma keçəndə və ya qayıdanda irəliləyişlər var. Əsas da topa nəzarət etməkdə və ağıllı hücumlar qurulmasında inkişaf var. Funksional hazırlığın qalxması isə məni ən çox sevindirən amildir. Futbolçular mənim fəlsəfəmə yavaş-yavaş öyrəşə bilir. Çatışmayan cəhətlərimiz də mövcuddur. Əfsus ki, çempionat vaxtı bu səhvləri düzəltmək məcburiyyətindəyik. Toplanış zamanı bunu düzəldib çempionata qatılsaydıq, daha yaxşı olardı. Çalışacağıq ki, birincilik gedə-gedə səhvləri düzəldək ki, bu zaman da xalların itirilməsi qaçılmazdır. Ancaq “İnter”lə oyundan sonra dediyim kimi, mən futbolçuların 94 dəqiqəlik çıxışından razı qaldım.

- Bu məntiqlə “Sumqayıt”la görüşdə mütləq qələbə qazanmalısınız...
- 11 futbolçunun xarakterini bir oyuna motivasiya etmək asan məsələ deyil. Əlbəttə, “Sumqayıt” da bu oyuna qələbə gözü ilə baxır. Etiraf etməliyik ki, hazırda hər 2 komanda elitada qalmaq uğrunda mübarizə aparır. Ona görə də ən gərgin oyunlardan biri olacaq. Məncə, kimdə çox qələbə istəyi olsa, o da 3 xalı qazanacaq. Bu matçda ustalıqdan çox, əzmkarlıq, özünü fəda vermə qabiliyyəti böyük rol oynayacaq.

- Komandanızla oyundan sonra “Bakı”nın baş məşqçisi Milinko Pantiç mətbuat konfransında demişdi ki, “Rəvan”ın futbolçuları vaxtı almaq üçün yerdə yatmaqla məşğul idi. Buna reaksiyanızı görmədik...
- Şəxsən mən onun fikri ilə razı deyiləm. Komanda bacardığı futbolu göstərə bildi. Biz də ancaq müdafiədə oturmadıq. Ancaq məşqçi kimi onu başa düşürəm. Pantiçin fikirləri ilə razı olmasam belə, razılaşmalıyam. Çünki klub rəhbərliyi ondan qələbə gözləyirdi. Komandaların tutduğu yer də onu məcbur edirdi ki, bizimlə görüşdə qələbəyə oynasınlar. Oyundan sonra emosiya altında deyilən sözlərdir. Onu başa düşürəm. Mən də nə vaxtsa belə deyə bilərəm. Ona görə də Pantiçə hər hansı iradım yoxdur və onun fikirlərinə hörmətlə yanaşıram.

- “Rəvan”da “Bakı”ya məxsus olan Aqil Nəbiyevlə Rəşad Abdullayev də çıxış edir. Pantiçin “ilk dəfə görürəm ki, kluba məxsus oyunçular sənə qarşı oynadılır” tipli açıqlaması nə dərəcədə doğrudur?
- Bu polemikaya qatılmaq istəməzdim. Ancaq futbolçu müqavilə ilə hansısa klubun səlahiyyətindədirsə, deməli, bu matçlarda oynamalıdır. Oynamayacaqsa, klub niyə onu heyətinə qatıb? 4 oyun “Bakı”ya qarşı çıxmayacaqsa, nəyimə lazımdı belə futbolçular? Həmin oyunçular “Bakı”ya lazım olmayıbsa, orda ikinci dərəcəli futbolçu olublarsa, onlardan qorxmaq lazım deyil...

- Özü də məhz həmin Pantiç onları bəyənməyib komandadan göndərib...
- Bundan qorxmaq lazım deyil. Əksinə, Pantiç bunda maraqlı olmalıdır ki, həmin futbolçular oynasın. Onlar zəifdir axı. Futbolçunu komandadan çıxarırsansa, deməli, bunlar sənə lazım deyil. Onda belə açıqlama vermək nəyə lazımdır?

- Kristian Torres də ümidləri doğrultmur. Sizin pleymeykerə ehtiyacınız var?
- Torres zədəli idi. “İnter”lə oyunda onu hətta 12-ci dəqiqədə meydandan çıxartmaq istəyirdim, axsayırdı. Ancaq meydanda 30 dəqiqə dözdü. Məncə, Kristian formaya düşsə, daha yaxşı çıxış edəcək.

- Sizdən qabaq komandada əsas “10” nömrə Sebastian Kastro-Telyo idi. Ancaq o, “Rəvan”ın düşərgəsindən qaçdı. İsveçli futbolçu olsaydı, komandanızın hücum planında dəyişiklik olardı?
- Bunu mən deyə bilmərəm. Onun oyununu heç görməmişəm.

- Belə bir məqamda onun komandaya qayıtması yerinə düşərdi?
- Dekabra kimi istəmərəm. Çünki komandanı yeni sistemə uyğunlaşdırıram. Yeni bir futbolçunu öz sistemimə uyğunlaşdırmaq üçün mənə 2-3 həftə vaxt lazımdı. Bu da ikinci dövrənin qurtarması deməkdir.

- Özünüz də qeyd etmisiniz ki, “İnter”ə buraxılan hər 3 topda Lukaş Sapela səhvə yol verdi. Gözləmək olarmı ki, polşalı qolkiperin yerinə “Sumqayıt”la görüşdə təcrübəli Kamal Bayramova ilk dəfə şans verəsiniz?
- Bu gün bizim futbolçularla bu haqda danışığımız oldu. Mən məğlubiyyətdə heç bir futbolçunu günahlandırmaq istəmirəm. Burda yeganə günahkar baş məşqçidir. Ancaq qapıçı komandanın sonuncu ümid yeridir. O, komandanın səhvini düzəldə biləcək sonuncu şəxsdir. Sapela həmin səhvləri düzəldə bilərdi, ancaq ona nəsə mane oldu. Bu o demək deyil ki, biz Sapelaya ikinci qapıçı gözü ilə baxmalıyıq. Mənim üçün məşqlərdə gördüyü işə görə o hələ də “1” nömrədir.

Səbuhi TOFİQOĞLU