Araz Abdullayevlə Qara Qarayevin əsas millidən kənar qalmasının səbəbi bilindi
05.11.2013 - 17:05
Araz Abdullayevlə Qara Qarayevin əsas millidən kənar qalmasının səbəbi bilindi
21 yaşadək futbolçulardan ibarət millimizin heyəti açıqlanıb. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, baş məşqçi Bernhard Lippert Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Makedoniya yığması ilə görüş üçün 22 futbolçuya dəvət göndərib.

Ötən ay əsas milliyə dəvət olunmuş Araz Abdullayevlə Qara Qarayevin niyə Berti Foqtsun siyahısında olmamağına aydınlıq gəlib. Belə ki, Lippert əsas millinin yoldaşlıq oyunlarındansa, hər 2 futbolçunun Makedoniya yığması ilə rəsmi görüşdə oynamasını istəyib. Bundan başqa, ötən dəfə U-21-ə “Neftçi”nin qapıçısı kimi qoşulan Emil Balayev bu dəfə milliyə yeni klubu – I dəstənin debütantı və lideri “Araz Naxçıvan”ın oyunçusu kimi dəvət alıb.

Həmin oyunçular bunlardır: Mirhüseyn Seyidov, Elvin Yunuszadə, Tərlan Quliyev, Araz Abdullayev (hamısı “Neftçi”), Nurlan Novruzov, Elşən Abdullayev, Slavik Alxasov, Kərim Diniyev (hamısı “Sumqayıt”), Vadim Abdullayev, Şəhriyar Əliyev, Namiq Ələskərov (hər üçü “Bakı”), Hacı Əhmədov, Kamil Hüseynov, Qara Qarayev (hər üçü “Qarabağ”), Ağabala Ramazanov, Orxan Sadıqlı (hər ikisi “Xəzər Lənkəran”), Rəşad Eyyubov (Simurq), İlqar Ələkbərov (İnter), Ürfan Abbasov (Qəbələ), Emil Balayev (Araz Naxçıvan), Andrey Popoviç (“Tavşanlı Linyitspor”, Türkiyə), Tuğrul Erat (“Fortuna” Düsseldorf, Almaniya).

Qeyd edək ki, U-21 8-ci qrupun autsayderi olan Makedoniya ilə noyabrın 15-də Skopye şəhərində qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.