Qalmaqaldan maraqlı məqam: Niyə məhz “məmur” övladları?
05.11.2013 - 17:43
Qalmaqaldan maraqlı məqam: Niyə məhz “məmur” övladları?
Futbol üzrə ölkə çempionatının I divizionunun sonuncu - VII turu hakim qalmaqalları ilə əlamətdar oldu. Apasport.az saytının məlumatına görə, “Şuşa” – “Qaradağ Lökbatan” görüşündən meydan sahiblərinin baş məşqçisi Nadir Qasımov referi Rauf Cabbarova hədə qorxu gəlibsə, “Şahdağ” - “Araz Naxçıvan” oyununda Qusar klubunun futbolçusu Yusif Yusifzadə yan xətt hakimi Coşqun Həsənovun qarın nahiyəsinə təpik vurub.

Nəticədə, AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Qasımov 10 oyunluq, Yusifzadə isə 2 il müddətinə futboldan uzaqlaşdırılıb. Lakin burda ən maraqlı məqam zərərçəkənlərlə bağlıdır.

Belə ki, Cabbarovla Həsənov 2 il öncə eyni briqadanın tərkibində təzyiqlə üzləşiblər. 2010/11 mövsümündə Premyer Liqanın XV turu çərçivəsində keçirilən “Turan” – “Qarabağ” matçından sonra yerli azarkeşlər görüşün baş hakimi olan Raufa xəsarət yetirmişdilər. Həmin vaxt referi ilə yanaşı, onun köməkçisi Coşqunun da üzərinə hücum çəkmişdilər.

Qeyd edək ki, Tovuzdakı qalmaqala görə, meydan sahibləri “Turan” 2 ev oyununu neytral meydanda keçirtməklə yanaşı, 10 min manat məbləğində cərimələnmişdi. Cabbarovla Həsənovu döyən yerli fanat Habil Aslanov isə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Yeri gəlmişkən, Rauf Hakim-İnspektorlar Komitəsinin sədri Gülağa Cabbarovun, Coşqun isə həmin qurumun tərkibində yer alan və AFFA nümayəndəsi qismində matçlarda görməyə adət etdiyimiz Qürbət Həsənovun oğludur.