“O avtobusu təmənnasız komandaya bağışladım” - MÜSAHİBƏ
05.11.2013 - 19:00
“O avtobusu təmənnasız komandaya bağışladım” - MÜSAHİBƏ
“Turan” klubunun sabiq icraçı-direktoru Yaşar Sultanovun apasport.az saytına müsahibəsi

- Bir neçə ay öncə apasport.az saytındakı müəllif yazınızda “Turan”la bağlı narahatçılığınızı aydın sezmək olurdu. Sizə doğma olan bu klubda son günlər baş verən hadisələrlə bağlı nə deyə bilərsiniz?
- Hər şey göz qabağındadır. Nə deyək, nə danışaq? Fakt ondan ibarətdir ki, ortada çox ciddi problem var. Çox təəssüf ki, bu problemlər “Turan”ın xələfi olan “Turan-T”nində yaxasını buraxmır. Nəticədə bu vəziyyət komandanı sevənlər arasında əsəb gərginliyi yaradır.

- Futbolçuların haqlarını bu cür tələb etməsi və nəticədə onların komandadan kənarlaşdırılması nə dərəcədə düzgün addımdır?
- Futbolçunun borcu futbol oynamaq, klub rəhbərliyinin borcu isə götürdüyü öhdəliyi yerinə yetirməkdir. Bütün hallarda məsələ hüquq müstəvisində həll olunmalıdır. Futbolçu bir neçə ay maaşını almırsa, müvafiq orqanlara məlumat verməli, məhkəməyə müraciət etməli, öz hüququnu tələb etməlidir. Əgər yenə ala bilmirsə, AFFA-ya müraciət etməli, azad agent statusu almalı və istədiyi kluba keçməlidir. Qanunvericilik belə tələb edir. Dəqiq bilmirəm, onlar pullarını tələb etdiklərinə görə komandadan uzaqlaşdırılıblarmı?

- Klub rəhbərliyi İdarə Heyətinin qərar verəcəyini bildirib...
- Futbolçular öz hüquqlarını tələb etməkdə haqlıdırlar. Eyni zamanda, klub rəhbərliyi də futbolçudan öhdəliklərini yerinə yetirməyə tələb etməlidir. Kimin düz, kimin səhv olduğunu öz aralarında həll edə bilmirlərsə, məhkəməyə üz tutmalıdırlar. Amma futbolçu istənilən halda, oynadığı dövr üçün nəzərdə tutulmuş zəhmət haqqını almalıdır. Zəhmət haqqı müqavilə əsasında tənzimlənibsə, dediyim kimi, məhkəməyə müraciət edib, haqqını tələb edə bilər. Yox, tərəflər şifahi razılıq əsasında anlaşıblarsa, heç nə tələb etmək mümkün olmayacaq. Çünki şifahi razılıq zamanı ortada heç bir hüquqi sənəd olmur. Burada qeyri-adi heç nə yoxdur. Bəli, komandada problem var. Problem də pulla bağlıdır. Əgər pul yoxdursa, orada yerli uşaqlar çoxdur, onlara müraciət edilir ki, maddi imkanımız olmadığına görə kim karyerasını düşünürsə, gələcəkdə futbolçu olmaq istəyirsə və ya kimin buna imkanı çatırsa, gəlsin, öz hesabına və ya cüzi əməkhaqqı qarşılığında komandada çıxış etsin. Bu komandaya aşkar şəkildə deyilməli və hamı rahat olmalıdır. Vəd verib, problem yaratmaq olmaz.

- “Turan-T”nin prezidenti Namiq Məstanov sizin rəhbərliyiniz dövründə “Rote Fahne” üçün formalar alındığını, amma həmin komanda fəaliyyətini dayandırandan sonra sizə müraciət edilməsinə baxmayaraq, yeni geyim dəstlərini “Turan”a vermədiyinizi bildirib. Bu nə dərəcədə doğrudur?
- “Rote Fahne”nin avtobusu şəxsən mənim idi. O avtobusu təmənnasız komandaya bağışladım. Necə olur, avtobusu bağışlayan adam bir dəst formanı komandaya qıymır? O qədər absurd fikirdir ki... Həmin söhbəti xatırlayıram. Alınan formaların arxasına o vaxt Şahin Mehdiyevlə birgə yuyulmayan boya ilə “Rote Fahne” yazdırmışdıq. Bu forma ilə “Turan”ın oynaması gülünc olardı. Başqa komandanın adı yazılan forma ilə çıxıb oynamaq hansı məntiqə sığır? Əgər yazılmamış olsaydı, niyə vermirdik? Onu nə satası, nə də başqasına hədiyyə edəsi deyilik ki.

- Rəhbərlik etdiyiniz zavodun reklam bannerinin müəyyən məbləğ qarşılığında Tovuz şəhər stadionunda yerləşdirilməsinə niyə razılıq verməmisiniz?
- Bu haqda mənə heç vaxt müraciət edilməyib. Digər yandan, Tovuz şəhər stadionunda quraşdırılmış bir reklam banneri göstərin. Hansı banneri yerləşdiriblər? Yalnız bizim banneri yerləşdirmək istəyirdilər, yoxsa bu mənə qarşı çətinliklə də olsa, kompromat toplamağa hesablanıb? Danışanda da həqiqəti demək lazımdır. Həmin stadionda süni örtük quraşdırılana qədər bizim dövrümüzdə yerləşdirilmiş nimdaş reklam bannerləri qalırdı. Yəni cırılmış, tökülmüş halda. Yaxşı biz vermədik, bəs başqaları?

- Ölkə futbolu üçün bu qədər oyunçu yetişdirən Gəncə, Tovuz kimi “futbolçu fabrik”lərinə niyə investisiya qoyan tapılmır?
- Bu gün futbol oliqarx himayəsi altında oynanılır. Davamlı maliyyə qaynaqları olmasa, nə Gəncədə, nə də Tovuzda həvəskar futbol səviyyəsindən yuxarı qalmaq mümkün olmayacaq. Çox yox, digər komandalara yatırılan vəsaitin 10 faizi həcmində yatırım olsa, əminliklə deyə bilərəm ki, hər il necə gənc meydana çıxa bilər. Gəncə kimi “futbol bulağı”nın suyunun quruması və ya Tovuz kimi bir futbol diyarında uşaqların futboldan imtina etməsi mümkün deyil. Arzu edirəm ki, həmin bölgədə də futbol akademiyası açılsın, imkanlı şəxslər qayğısını əsirgəməsin.

-“Turan” Premyer Liqada çıxış edən zaman ən azı bu komandanın iştirakı ilə keçirilən oyunlara tez-tez baş çəkirdiniz. “Turan”sız keçirilən cari mövsümü necə, izləyirsinizmi?
- “Turan”ı I divizionda təsəvvür etmək istəmirəm. Bu komanda bizim qürur mənbəyimiz, fəxrimiz olub. Amma son günlərdə komanda daha çox baş qaxıncına çevrilib. Təəssüf ki, “Turan”ın adı qalmaqallarda hallandırılır. Buna görə mənəvi sarsıntı keçiririk. Premyer Liqanı, I divizionu, yığmanın ev oyunlarını daim izləyirəm, imkan düşəndə stadionlara da gedirəm. Ancaq Gəncəsiz, Tovuzsuz futbolumuz rəngarəngliyini itirib.