Çempionlar Liqasında ilk bəxtəvər klublar məlum oldu
06.11.2013 - 09:46
Çempionlar Liqasında ilk bəxtəvər klublar məlum oldu
Çempionlar Liqasında keçirilən 4-cü turun oyunlarından sonra pley-offda iştirakını rəsmiləşdirən klubların adlarına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, növbəti mərhələyə adını adını ilk yazdıran klub Almaniyanın “Bavariya” və İngiltərənin “Mançester Siti” klubları olub.

Münhen təmsilçisi dünən Plzendə keçirilən görüşdə “Viktoriya” ilə qarşılaşıb. Almanlar Çexiya çempionunu 65-ci dəqiqədə xorvatiyalı hücumçu Mario Mancukiçin vurduğu yeganə qolla məğlub edib. Belədə mübarizə apardığı D qrupunda ardıcıl 4-cü qələbəsini qazanan “Bavariya” xallarının sayını 12-yə çatdırmaqla 2 tur öncədən adını pley-offda mübarizə aparacaq 16 komanda arasına yazdırıb.

Elə pley-offda iştirak edəcək digər komanda da bu qrupun nümayəndəsi olub. “Mançester Siti” Moskvada olduğu kimi yenə MOİK-dən üstün olub. Bu dəfə rəqibini 5:2 məğlub edən ingilislər ruslarla şəxsi oyunlarda üstünlüyü nəzərə alınmaqla 1/8 finala çıxıb. Hesabında 9 xalı olan Mançester klubu indi qrup birinciliyi uğrunda “Bavariya” ilə mübarizə aparmalıdır.

Qeyd edək ki, bu gün G qrupunda mübarizə aparan İspaniyanın “Atletiko” klubu da “xoşbəxtlər” arasına adını yazdıra bilər. Əgər La Liqa təmsilçisi Madriddə “Austriya”nı məğlub etsə, bu istəyinə çatacaq.