Süleymanovların Platye çəkişməsi
06.11.2013 - 14:00
Süleymanovların Platye çəkişməsi
“Neftçi” Melvin Platye ilə yollarını ayırır. Apasport.az saytının əldə etdiyi məlumata görə, hollandiyalı hücumçu böyük ehtimalla qış fasiləsində göndəriləcək. Buna səbəb əcnəbi futbolçunun səviyyəsinin baş məşqçi Nazim Süleymanovu qane etməməyidir.

Sabiq hücumçu olan Süleymanov Platyenin ön xəttə komandaya fayda verəcəyinə inanmır. Təsadüfi deyil ki, “Neftçi”ni 2 oyuna çıxardan çalışdırıcı həmin görüşlərin heç birində hollandiyalıya güvənməyib.

Ancaq Platyenin göndərilməsi elə də asan olmayacaq.

Əvvəla, Topaz Premyer Liqasında 7 oyun keçirib, penaltidən 1 qol vuran legioner futbolçunun “ağ-qaralar”la 2 illik müqaviləsi var. Bu isə o deməkdir ki, “Neftçi” ehtiyatda qaldığı üçün formasını itirən forvardı aldığı qiymətdən ən azı 3 dəfə ucuz satmalı və ya müştəri çıxmayacağı təqdirdə pulsuz buraxmalı olacaq.

Platyenin yola salınması ilə bağlı başqa bir problem onun “Neftçi”yə gətirən şəxslə - vitse-prezident Tahir Süleymanovla bağlıdır. O, öz “kadr”larının göndərilməsinin əleyhinədir. Transfer məsələlərinə nəzarət edən klub rəsmisi özünün gətirdiyi futbolçuların heyətdən kənarlaşdırmasına göz yumarsa, “bazarı” əldən verəcəyini düşünür. Ona görə də, hər vəcdlə baş məşqçini oyunçu alış-verişindən uzaq tutmaqda qərarlıdır.

Nazim bəyin belə vəziyyətdə necə davranacağı maraq doğurur. Gəray Qarayevi özünə köməkçi götürmək istəsə də, Böyükağa Hacıyevin “veto”su ilə üzləşib, geriyə addım atan çalışdırıcı, Platye, ümumiyyətlə, transfer məsələlərində də güzəştə gedərsə, çətin ki, “Neftçi”nin baş məşqçisi postunda uzun müddət duruş gətirə.

Qeyd edək ki, “Neftçi”nin bu yay heyətinə qatdığı legionerlər böyük ölçüdə ümidləri doğrultmur. Platye ilə yanaşı, Tahir bəyin digər “kadr”ı - Belçikanın “Kortriyk” klubundan alınan Ernest Nfor ondan gözlənən oyunu nümayiş etdirmir. Karlos Kardoso hələ əsas heyətdə yerini möhkəmləndirmədiyi halda, Pavel Doroşev isə vaxtını ehtiyat oyunçular skamyasında keçirir.