“Antalyaspor” mədəniyyətini Bakıda yaşadacağıq”
07.11.2013 - 13:07
“Antalyaspor” mədəniyyətini Bakıda yaşadacağıq”
“Futbol məktəblərimizlə çox geniş bir əlaqə yaradırıq. Bakıda futbol məktəbinin açılması önəmli olduğu qədər qürurvericidir. “Antalyaspor” mədəniyyətini Bakıda yaşadacağıq”. Apasport.az saytının məlumatına görə, bunu “Antalyaspor” Futbol Məktəbləri rəhbəri Mehmet Akdülgər deyib.

“Antalyaspor” Londonda açdığı futbol məktəbinin ardından Bakıda da beləsini açıb. Bununla da Superliqa klubunun futbol məktəblərinin sayı 27-yə çatıb. Türkiyənin “Sabah” qəzetinin xəbərinə görə, paytaxtımızdakı futbol məktəbinin rəhbəri olan Kərim Akaslan bununla bağlı bunları söyləyib: “Baş məşqçiliyi Hakan Şimşəyə tapşırmışıq. Məktəbimizdə 7-15 yaş aralığında oyunçular təhsil alacaq. Hazırda 110 tələbəmiz var”.

Qeyd edək ki, sentyabrda digər Superliqa təmsilçisi “Qalatasaray”ın Bakıda futbol məktəbi açılmışdı. Həmin vaxt məktəbin açılışında Yılmaz Vural və Güvənç Kurtar kimi türkiyəli məşqçilər də iştirak etmişdi.