“Bizim vaxtımızda” və ya təki iş olsun!
07.11.2013 - 14:15
“Bizim vaxtımızda” və ya təki iş olsun!
Mətbuatda gedən xəbərlərə inansaq, son günlərədək “Neftçi”nin məşqçilər korpusunda yer almış Kamal Quliyev yenidən paytaxt klubuna qayıdır. Deyilənə görə, noyabrın 2-də baş tutan “Böyük oyun”un ilk hissəsinin sonunda “Neftçi”nin ofsayddan vurduğu qol zamanı Quliyev elə qışqırıb, elə sevinib ki, matçı izləyən klub prezidenti Sadıq Sadıqovun gözləri dolub, Kamalı yanına çağırıb ona yeni iş təklif edib. Amma Nazim Süleymanovun köməkçisi postuna yox. Çünki Nazim müəllim özü hələ də köməkçilərini tam tərkibdə təyin etməyə imkan tapa bilmir.

Süleymanovun təyin etmək istədiyi köməkçi-məşqçini Böyükağa Hacıyev bəyənmir, Böyükağa Hacıyevin bəyəndiyini vitse-prezident Tahir Süleymanov istəmir, Tahir bəyin istədiyinə də klubun avtobusunun sürücüsü mane olur. Odur ki, hazırda “Neftçi”nin məşqçilər korpusunda kimlərin yer alacağı tam olaraq aydın deyil.

Əslində, bizdə yalan məlumatlar gəzdirən çoxdur. Hərə indi bu barədə bir söz danışır. Hətta köməkçi məşqçilərin təyin olunması üçün klubda seçkilər keçirildiyi barədə danışanlar da var. Di gəl ki, seçkilər də problemə məlhəm ola bilməyib. Klub prezidentinin otağında qoyulan seçki qutusuna köməkçi-məşqçi postlarına namizədlərin adları yazılan bülletenlərin atılması zamanı kobud qayda pozuntuları olub. Səsvermə zamanı Tahir bəyin cibindən öncədən hazırlanmış saxta bülletenlər çıxıb, Böyükağa Hacıyev də etiraz edib ki, gedib oturacağam ATƏT-in qapısında ki, seçkiləri tanımasınlar.

Bir təhər Böyükağa müəllimi başa salıblar ki, bu seçkinin ATƏT-lə filanla yaxından-uzaqdan əlaqəsi yoxdur. Hər nə isə, bu gün “Neftçi”də köməkçi-məşqçi postlarının bir neçəsi vakant qalıb.

Kamal Quliyev də ağıllı adamdır. Bilir ki, Nazim Süleymanov 100 il qala, onu yenidən vəzifəsinə qaytarmaz. İndi Kamal ya keçmiş günlərinə qayıdaraq kanallara çıxıb, ekspert kimi camaatın qulağını yara etdiyi “bizim vaxtımızda” ifadəsi ilə başlayan, eyni ifadə ilə bitən söz və ya sözlərini təkrar etməlidi, ya da çay evlərində digər həmkarları kimi qəlyan çəkməlidi.

Belə baxanda, tərslikdən kanallarda da boş yer yoxdur. Artıq onlar ekspert gözü ilə baxdıqlarını çoxdan tapıblar. Hə, bəlkə Kamal karyerasında xüsusi izi olan “Xəzər Lənkəran”a qayıda bilərdi? Əsla!

Onu ölümdən qurtaran, bahalı ürək əməliyyatını klub hesabına elətdirən “Xəzər Lənkəran”a Kamal elə təpik atıb ki, nəinki cənub təmsilçisinə, heç Göyşaban dairəsinə belə yaxın gedə biməz. Belə olduğu halda, Sadıq müəllimin təklif etdiyi aşağı yaş qruplarının birində məşqçi işləmək təklifinə Quliyev “yox” deməyib. Elə bununla da...

Onunla çiyin-çiyinə çalışan Tərlan Əhmədovun, Bəxtiyar Musayevin etmədiyini edərək, tələsik yenidən kluba qayıdır. Xeyirli olsun!

P.S: Təsəvvür edin: Kamal Quliyev “Neftçi”nin 12 yaşlılardan ibarət qrupunu çalışdırır və uşaqlara “Bizim vaxtımızda” adlı məşhur nağılını danışır. Bu zaman uşaqlardan biri yerdən səslənir: Kamal müəllim, Fransaya 0:10 uduzan vaxtınızı deyirsiniz?