Bizdə hər şey var, yalandan başqa!
07.11.2013 - 18:09
Bizdə hər şey var, yalandan başqa!
“İnter”in prezidenti Georgi Nikolov uzun müddətdən sonra bloq yazmaq qərarına gəlib. O, növbəti köşəsini qələmə almaq üçün çox fikirləşib. Bloq yazmağın vaxtı çatıb axı, nəsə cızma-qara eləməlidi...

Komandasının qeyri-stabilliyinə əlac tapa bilməyən bolqarıstanlının sonda əlinə bloq yazmaq üçün yaxşı vasitə düşüb. Bu da “apasport”da noyabrın 1-də gedən Haynts Barmettlerin “İnter” əleyhinə dediyi açıqlama olub.

Ancaq Nikolov bu bloqu qələmə almaqla özünü yamanca yandırıb. O, saytımızı və Barmettleri az qala “vətən xaini” çıxarıb. Dominikanəsilli isveçrəli futbolçunun “İnter”də su tapmaq olmurdu, orda əcnəbilərə qarşı münasibət soyuq idi” deməsindən sonra istənilən prezident sabiq futbolçusunu ağzına gələni danışdığına görə günahlandırar. Bunu başa düşdük. Öz işinizdir. Ancaq sizin dilinizlə desək, “priçom tut apasport”?

Bizi nədə günahlandırırsınız, Nikolov? Barmettlerin klubunuz əleyhinə dediyi fikirlərə yer verdiyimizə görə? Bolqarıstanlı mütəxəssis iddia edir ki, saytımız bu müsahibəni (əslində buna müsahibə deyilmir, sadəcə Nikolov müsahibəni açıqlama şəklində oxucusuna çatdırıb) ucuz sensasiya naminə yerləşdirib. Bir sözlə, müsahibə hələ Barmettler Lixtenşteynin “Vaduts” klubuna keçdikdən sonra verdiyi sözlərdən ibarətdir və köhnə bir şeyi oxucularımıza yeni bir şey kimi təqdim etmişik.

Düzdür, həmin vaxt da (dəqiq desək, yanvarda) Barmettler geniş müsahibə vermişdi və təxminən bu kimi sözlər işlətmişdi. O, müsahibə İsveçrə mətbuatına idi və sizin də başa düşdüyünüz almanca idi. Yadımızdadır ki, həmin vaxt “İnter”də işləyən Səbuhi Səfiyarlı da onun açıqlamalarına reaksiya verməli olmuşdu.

Ancaq görün, onun xatirində “Şəfa” stadionunda isti su tapılmamağı hadisəsi necə qalıbsa, bu dəfə də Barmettler növbəti müsahibəsində bunu xatırlamalı olub. Əgər 4 dil bildiyinizi iddia edirsinizsə, o zaman ispan dilini də mükəmməl bilməlisiniz, cənab Nikolov.

Sizə bir link təqdim edirik. Dominikan Futbol Federasiyasının saytındandır. Dominikanın rəsmi dili ispancadır. Diqqətli olsanız, görərsiniz ki, bu linkdə Barmettler “Vaduts” formasında yox, İspaniyanın “Valyadolid” klubunun futbolkasındadır. Burda Barmettler sizin dediyiniz kimi, ev tapa bilməməyindən danışmayıb, sadəcə isti suyun tapılmamağından gileylənib… İndi siz deyin, biz, Barmettler, yoxsa sizsiniz günahkar?