Anar Bəkirov: ...bəyanatda anlaşılmazlıq olub
08.11.2013 - 12:00
Anar Bəkirov: ...bəyanatda anlaşılmazlıq olub
“Komandamızın bəxti gətirmir. Hər dəfə Zaqatalada oyun keçirmək istəyəndə, ortaya bir problem çıxır”. Bunu apasport.az saytına “Simurq” klubunun prezidenti Anar Bəkirov deyib.

“Simurq” rəhbərliyi stadionu ilə bağlı rəsmi bəyanat yayıb. Bəyanatda klubun ev oyunlarını keçirdiyi Zaqatala Olimpiya Kompleksinin stadionunda təmir işləri tamamlansa da, ev oyunlarına UEFA nümayəndələri tərəfindən rəsmi icazənin verilmədiyi bildirilir. Bu üzdən Topaz Premyer Liqasının XIII turu çərçivəsindəki "Simurq" - "İnter" matçı Zaqatalada yox, "Şəfa" stadionunda keçirilməli olacaq.

Ancaq qaranlıq qalan məqam ondan ibarətdir ki, adi çempionat oyununu öz stadionunda keçirmək üçün nəyə görə UEFA-nın razılığı alınmalıdır? Hər halda, bunun üçün UEFA yox, AFFA və PFL nümayəndələri lisenziya verməlidir.

Bu məqamı “Simurq”un prezidenti Anar Bəkirov vasitəsilə dəqiqləşdirdik: “Ola bilsin ki, bəyanatda anlaşılmazlıq olub. Sadəcə, “İnter”lə ev oyununu Zaqatalada keçirmək fikrimiz vardı. Ona görə də cari mövsüm keçirəcəyimiz ilk ev matçımıza yaxşı hazırlıq görmüşdük. Oyundan əvvəl təmtəraqlı bir şey edəcəkdik. Lakin bəxtimizdən UEFA-dan xəbər gəldi ki, nümayəndələrimiz noyabrın 9-da stadiona baxış keçirəcəklər. “İnter”lə oyunumuz da həmin günə təsadüf etdiyindən, məcbur olduq ki, qarşılaşmanı Bakıda keçirək. Sağ olsun ki, “İnter” də bununla bağlı problem yaratmadı. Qərara gəldik ki, “Simurq”un bu komanda ilə 3 və 4-cü dövrədəki görüşləri Zaqatalada keçirilsin”.

Qeyd edək ki, “Simurq” cari mövsüm Zaqatalada doğma azarkeşləri önündə ilk oyununu hazırkı turnir cədvəlinin lideri “Qarabağ”a qarşı keçirəcək. Bu matç noyabrın son günündə baş tutacaq.

Səbuhi TOFİQOĞLU