“...dedilər ki, Toşak məşqdə də belədir”
11.11.2013 - 00:00
“...dedilər ki, Toşak məşqdə də belədir”
Topaz Premyer Liqasının XIII turunda “Bakı” ilə qarşılaşan “Neftçi” azlıqda qalmasına baxmayaraq, 2:1 hesablı qələbə qazanıb. Oyundan sonra “ağ-qaralar”ın kapitanı Rəşad Sadiqov apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

- Qarşılaşma bizim üçün çox çətin keçdi. 10 nəfərlə qalmasaydıq belə, yenə bizim üçün ağır olacaqdı. Çünki bu iki komanda arasında bütün qarşılaşmalar hər zaman gərginliyi ilə yadda qalıb. Komandamızda qələbə ruhu var idi. Deməzdim ki, yaxşı oynadıq. 10 nəfərlə qaldıqdan sonra bu cür komandaya qarşı yaxşı oyun nümayiş etdirmək çox çətindir. İstər-istəməz müdafiəyə çəkilirsən.

- Saşa Stamenkoviçin qovulduğu epizodda qırmızı vərəqə var idimi?
- Məncə, var idi. Çünki Saşa Raufun ayağına vurdu. Bir qədər gecikmişdi.

- Həmin epizodda səhvi Mitreskidə görürdüz?
- Hər ikisində səhv var idi. Mitreski top ayağında ola-ola onu uzaqlaşdırmadı, Stamenkoviçin gəlməsini gözlədi. O da uzaqda idi. Bununla belə, qırmızını sığortalamağı bacardıq.

- Bu qələbə sayəsində turnir cədvəlinin zirvəsində yenidən ikihakimiyyətlilik yarandı...
- Çempionluq uğrunda mübarizə aparan komandalar bir-birindən çox uzaqlaşa bilmir. Çünki hər oyunda xal itirmək ehtimalı çoxdur. Gərgin çempionatın keçəcəyini söyləmək olar.

- Rəqibin heyətində yer alan Ruben Qonzalesin kobud oyunundan şikayətlənirdiniz. Nə baş vermişdi?
- Çox kobud oynayırdı. Mübarizə aparmırdı, aşkar şəkildə ayağa vururdu. Ola bilsin, baş hakim Fariz Yusifov bunu görmürdü. Futbolda belə şeylər də olur.

- Ötən həftə “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşakla aranızda baş verənlər xeyli müzakirə olundu. Ona niyə söymüşdünüz?
- Söymədim, qışqırdım. Bunu bilərəkdən etdim. Çünki hər epizodda Toşak bizim futbolçuları söyürdü. Öz oyunçularında da xəbər aldım, dedilər ki, Toşak məşqdə də belədi. O, Naxçıvanda keçirilən Superkubok matçında da bizim futbolçunu söymüşdü. Nə olsun ki, “Real”da işləyib? Hörmət qoymalısan ki, hörmət də etsinlər.

- Bu gündən millinin toplanışı başlayır. Qarşıda isə iki yoldaşlıq oyunu var. Bu matçlarda nəyə ümid etmək olar?
- Hər ikisinə ciddi hazırlaşacağıq. Çünki söhbət yığmadan gedir. Həm də nəticə reytinqdə hesablanacaq. 2013-cü ili qələbə ilə yekunlaşdırmaq istəyirik.

- Yoldaşlıq matçlarına konsentrasiya olmaq çətin deyil?
- Çətin olmayacaq. Biz yığmanın adından çıxış edəcəyik. Həm də hamımız ili yaxşı şəkildə başa vurmaq istəyirik.

- Berti Foqtsun müqaviləsi başa çatacaq. Siz necə, onun qalıb və ya getməsinin tərəfdarısınız?
- Bu, AFFA-nın səlahiyyətində olan məsələdir. Biz qarışmırıq, qarışmasaq da daha yaxşı olar.