“Azərbaycanla oyuna çağırıldığıma inanmırdım”
11.11.2013 - 11:53
“Azərbaycanla oyuna çağırıldığıma inanmırdım”
“Azərbaycan milli komandası ilə yoldaşlıq oyununa çağırılmağıma çox təəccübləndim. Bu hadisə mənim üçün böyük olaydır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Estoniya milli komandasının futbolçusu Karol Mets deyib.

Noyabrın 15-də Azərbaycan yığması ilə Tallinndə keçiriləcək yoldaşlıq görüşünə çağırılan mərkəz müdafiəçisi buna inanmaq da istəməyib: “Əvvəl Azərbaycanla oyuna çağırıldığıma inanmırdım. Fikirləşirdim ki, yəqin səhvən adım heyətə düşüb. Sonradan KİV-də də bunu görəndə artıq inanmağa başladım. Millidə oynamaq şərəfdir. Azərbaycanla oyunda mənim üçün ən vacib olanı şans qazanmaqdır. Sonra isə özümü göstərməyə çalışmalıyam. Lakin millidə rəqabət böyük olduğundan meydana çıxıb-çıxmayacağım sual altındadır”.

Qeyd edək ki, Azərbaycan və Estoniya yığmaları tarixində 8-ci dəfə görüşəcək. Sonuncu belə matç 2002-ci ildə baş tutub.