Con Toşak: Futbolçulara irad bildirməyə səbəb yox idi
11.11.2013 - 15:08
Con Toşak: Futbolçulara irad bildirməyə səbəb yox idi
“Qəbələ” ilə matçda komandam gözəl oyun sərgilədi. Matç sonrası paltardəyişmə otağında onlara irad bildirmək üçün səbəb yox idi. Yalnız qol vura bilməmək problem olaraq qalır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak deyib.

Uelsli mütəxəssis klubun rəsmi saytına açıqlamasında Topaz Premyer liqasının XII turunun “Qəbələ” ilə oyunu haqda fikirlərini bildirib. Toşak qarşılaşmanın 0:0 hesabı ilə nəticələnməsinin səbəblərini izah edib: “Qəbələ” Azərbaycan çempionatının çox güclü klublarındandır. Onların infrastrukturu hələ də gözüm önündən getmir. Bu mənada biz dünən onlardan çox üstün futbol sərgilədik,topa nəzarət etdik, qol vəziyyətləri yaratdıq. Amma artıq neçə oyundur ki, komandam futbolda ən vacib amili-qol meyvəsini dada bilmir. İstənilən halda komandanın oyunlarını təhlil edərkən geri boylanmalı olursan. Biz evdə bütün rəqiblərdən üstün oyun sərgiləmişik, qələbəyə sözün bütün mənalarında layiq olmuşuq. Amma cəmi bir qələbə qazanmışıq. Yalnız “Qarabağ” deyə bilər ki, biz Lənkəranda layiq olduğumuz üç xalı qazandıq. Bunu etiraf edirəm və deyim ki, həmin oyunda belə çox gözəl oynamışdıq”.

Toşak qarşılaşmada atılan bəzi addımlara KİV-in reaksiyasına da toxunub: “Sadio Tounkara – Deyvid Sakkoni əvəzetməsi belə görürəm ki, medianın marağına səbəb olub. Bu əvəzetməni yalnız bir şeyə görə etdim – meydanın vəziyyəti çox texnikalı olan bu iki futbolçunun istədiyi kimi oynamasına imkan vermirdi. Tounkarada bu səbəb özünü daha tez nəzərə çarpdırdısa, Sakkonini də oyunun sonlarında Zohair Benouahi ilə əvəzləməyim normal idi. Çünki, Zohair həm fiziki olaraq güclü futbolçudur, həm də zərbələri güclüdür. Bu mənada zədədən yeni qayıdan Zohairi son dəqiqələrdə Sakkoni ilə əvəzlədim. Hazırda 21 yaşa qədər futbolçular üzərində seçim aparır, əvəzedici heyətimizdə əsas komandamızda çıxış etməyə layiq ola biləcək gənclərin oyunlarını analiz edirəm. Dünən Ağabala zədələndi və dərhal təşvişə düşdük ki, Ramazanov oyunu davam etdirə bilməsə ilk öncə Orxanı qapıya qoymalı, daha sonra isə Ağabalanı yerinə hücumçu salmalıyıq. İki vacib mövqe – qapı və hücumda seçimimiz gənclər üzərindədir ki, bu da bizə mane olur. Demək istəyirəm ki, ilk dəfə karyeram boyu çətin bir duruma düşmüşəm. Amma bu çətinlikdən çıxmağı bacaracağıma da əminəm. Şans bizdən bu qədər üz döndərməsə idi, biz indi fərqli şeylərdən danışırdıq”.