Millimizin müdafiəçisi 1 aylığa sıradan çıxdı - FOTO
12.11.2013 - 12:16
Millimizin müdafiəçisi 1 aylığa sıradan çıxdı - FOTO
Premyer Liqanın XIII turu çərçivəsində keçirilən "Xəzər Lənkəran" - "Qəbələ" (0:0) matçı "qırmızı-qaralar"ın 2 futbolçusunun - İbrahima Niasse və Ürfan Abbasovun zədələnməsi və bu səbəbdən oyunu davam etdirə bilməməsi ilə yadda qaldı. Apasport.az xəbər verir ki, matçın ardından müayinədən keçən futbolçuların durumuna aydınlıq gəlib.

Bu barədə gabalafc.az-a məlumat verən komandanın həkim-fizioterapevti Rahim Məhərrəmov Niassenin zədəsinin yüngül olduğunu, amma Ürfan Abbasovun bir müddət yaşıl meydanlardan kənar qalacağını söyləyib. “Neftçi”nin sabiq həkiminin sözlərinə görə, müayinədən sonra məlum olub ki, seneqallı dayaq yarımmüdafiəçisinin zədəsi ağır deyil və o, növbəti oyunda – AZAL ilə matçda iştirak edə biləcək.

Amma 21 yaşadək millimizin cinah müdafiəçisi Ürfan Abbasovun durumu ciddidir. Onun topuq bağları qopub. Abbasov 4 həftə yaşıl meydanlardan kənar qalacaq. Əməliyyata ehtiyac olmasa da, bərpa prosesi bir ay çəkəcək. Digər yandan klub üçün sevindirici xəbər ondan ibarətdir ki, qvineyalı mərkəz müdafiəçisi Umar Kalaban və nigeriyalı hücumçu Abdulvahid Afolabinin zədələri artıq sağalıb. Millimizin sabiq cinah müdafiəçisi Rail Məlikovun bərpa prosesi isə davam edir. O, fərdi çalışmalarla məşğul olur.

Qeyd edək ki, “Xəzər Lənkəran”la oyunda zədələndiyi üçün Ürfan Abbasov Makedoniyaya yollanacaq U-21-in heyətindən də çıxarılıb. Onun yerinə Skopye şəhərinə “Neftçi”nin futbolçusu Emin Mehtiyev aparılacaq.