Tarmo Ruutli: Təcrübəlilərə güvənəcəm
12.11.2013 - 12:28
Tarmo Ruutli: Təcrübəlilərə güvənəcəm
“Komandamızın kapitanı Raqnar Klavanın durumu yaxşı deyil. Neçə vaxtdır zədəli olan futbolçunun qarşıdakı yoxlama oyunlarında çıxış edib-etməməsi də sual altındadır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Estoniya milli komandasının baş məşqçisi Tarmo Ruutli deyib.

Təcrübəli mütəxəssis noyabrın 15-də Azərbaycan, 4 gün sonra Lixtenşteynlə keçiriləcək yoxlama oyunları ərəfəsində ciddi itkilərlə üzləşməsindən gileylənib: “Elə ola bilər ki, kapitan Azərbaycan və Lixtenşteynlə görüşlərdə oynamasın. Ondan başqa İqor Morozov, Rayo Piroya, Taavi Ryahn və Alo Barenqrub da zədəli olduğu üçün 23 nəfərlik siyahıya salınmayıb. Bu üzdən qarşıdakı görüşlərdə bəzi gənclərə şans vermək məcburiyyətindəyəm. İdeal variantda uzun illər yığmada oynamaq təcrübəsi olanlara güvənəcəyəm. Lakin U-21-də birgə çıxış etmiş Mikki Reyntami, Karol Mets və Artyom Artyununin də onlara kömək edəcək. Hələ oyunlara qədər vaxtımız var. Bu üzdən hələ heyətlə bağlı qəti fikrə gəlməmişəm”.

Qeyd edək ki, Estoniya – Azərbaycan oyunu Tallinndəki “Le Koq Arena” stadionunda keçiriləcək.