“Bəlkə qırmızı vərəqə olmasaydı, qələbə qazana bilməyəcəkdik” - MÜSAHİBƏ
12.11.2013 - 13:07
“Bəlkə qırmızı vərəqə olmasaydı, qələbə qazana bilməyəcəkdik” - MÜSAHİBƏ
“Neftçi”nin baş məşqçisi Nazim Süleymanovun apasport.az saytına müsahibəsi

- Təyinatınızdan sonra komandada nə dəyişib?
- Bu sualı əvvəl də vermişdilər və “heç nə dəyişməyib”, demişəm. Hər bir insanın gəlişindən sonra istər-istəməz müəyyən dəyişiklik olur. Mühit dəyişir, müxtəlif yeniliklər olur. Hər bir məşqçinin öz iş metodu var. Bu baxımdan, mənim nəsə deməyim, etik normalar baxımından düzgün deyil. Bu haqda klubun işçisi və ya futbolçusu nəsə deyə bilər. Hələ təzə başlamışıq.

- Belə deyək, nəyi dəyişməyi nəzərdə tutursuz?
- Nizam-intizam birinci pillədə dayanır. İstərdim ki, hər bir insan istər ailədə, istər iş prosesində özünə tələbkar olsun. Şükürlər olsun ki, yavaş-yavaş bunun bəhrəsini görürük.

- Sizin təyinatınıza qədər hər kəs komandaya “yeni nəfəs”in lazım olduğunu deyirdi. Necə düşünürsüz, siz komandada “qan dəyişikliyi” edə bildinizmi?
- Yenə deyirsiz ki, özüm haqqımda danışım. Bu, etik normalara sığmır.

- Yayda komandaya transfer olunan, amma nadir hallarda meydana çıxan Melvin Platyenin qış fasiləsində göndəriləcəyi doğrudurmu?
- Bu haqda da müəyyən suallar verilir. Hələ komandanı cəmi 3 oyuna çıxarmışam. İndidən bir söz demək mümkün deyil. Məşq prosesində kim özünü yaxşı tərəfdən göstərirsə, heyətdə də yer alır. Söhbət sırf Melvindən gedirsə, onda psixoloji baxımdan eniş var idi. Fərdi söhbətimiz oldu. Artıq özünə gəldiyini demək olar. Komandada hücum xəttində çıxış edən Platyedən başqa, Bahodir Nasimov və Ernest Nfor da var. Kim yaxşı mənada seçilirsə, o da meydana çıxır. Məsələn, “Xəzər Lənkəran”la oyunda Bahodir Nasimov ilk “11-lik”də yer aldı, Nfor isə meydana sonradan daxil oldu. Nfor həm qol vurdu, həm də hücum xəttində yaxşı təsir bağışladı. Buna görə də onu “Bakı” ilə oyunda ilk “11-lik”də meydana buraxdım. Həmin vaxt Melviyə şans verə bilməzdim. “Bakı” ilə qarşılaşmada qırmızı vərəqə aldıq və məcburi əvəzetməyə əl atmalı oldum. Bu üzdən Nforu çıxarıb, əvəzində qapıçıya şans verdim. 10 nəfərlə oynayırdıq. Bahodiri isə son dəqiqələrdə buraxdıq. Təbii ki, imkan olduqca Platyeyə də oynamaq şansı veriləcək. Bu, hər bir futbolçunun özündən asılıdır. Gərək bu şansı qazanasan. Amma onun qışda göndərilməsi ilə bağlı heç bir söhbət olmayıb, danışılmayıb.

- Hücumçu olduğunuzu nəzərə alsaq, “Neftçi”nin ön xətt oyunçularının daha yaxşı hazırlığa malik olacağını düşünmək olarmı?
- Bunu zaman göstərəcək. Arxada qalan oyunlara diqqət yetirsək, görərik ki, həm Bahodir, həm də Nfor qol vurdu. Yəni hücumçularımız hər oyunda fərqlənirlər.

- Onlarla fərdi söhbət edirsinizmi?
- Çalışırıq ki, hamı ilə olmasa da, bəzi futbolçularla fərdi söhbətlər aparaq.

- Komandanı 3 oyuna çıxarmısınız. “Neftçi”nin hansı qarşılaşmada nümayiş etdirdiyi oyun sizi daha çox qane edib?
- Bu futboldur, hər şey ola bilər. “Simurq”la qarşılaşmada çoxlu qol imkanlarımız olsa da, istifadə edə bilmədik. Nəticədə bir xalla kifayətləndik. “Xəzər Lənkəran”la matçın əvvəllərində isə futbolçular üzərində təzyiq var idi. Həmin təzyiqdən qurtulduqdan sonra xüsusilə də ikinci hissədə yaxşı oyun nümayiş etdirdik. Nəticəni isə gördünüz. “Bakı” ilə oyuna gəldikdə, deyirik ki, əgər qırmızı vərəqə olmasaydı, tam başqa oyun olacaqdı. Bilmək olmaz, bəlkə qırmızı vərəqə olmasaydı, qələbə qazana bilməyəcəkdik. Fərziyəllərdən qaçmaq lazımdır. Fakt odur ki, 70 dəqiqə azlıqda oynadıq və qələbə qazandıq. Komanda şəklində futbolçulardan razıyam. Xüsusilə də son oyunlarda əzmkarlıq nümayiş etdirirlər.

- Məşqçilər korpusunu nə vaxt fomalaşdıracaqsınız? Razılıq əldə etdiyiniz həmin mütəxəssis komandaya nə vaxt qoşulacaq?
- Həmin mütəxəssis hələ burda deyil. Yaxın günlərdə gələcək.

- Gəray Qarayevin köməkçilərinizdən biri olacağı realdırmı?
- Bu haqda hələ danışmamışıq. Mövzunu hələ ki, qapatmışıq. Komandada fiziki hazırlıq üzrə ispaniyalı mütəxəssis çalışır. Demişdim ki, qış fasiləsində həm onun, həm də qapıçılarla işləyən məşqçinin işi haqda rəhbərliklə danışıb, qərar verəcəyik.

- Qış fasiləsi zamanı təlim-məşq toplanışını harada keçirəcəyiniz necə, dəqiqləşibmi?
- Planı rəhbərliyə təqdim etmişik. Dəqiqləşdikdən sonra, bu haqda məlumat verəcəyik. Əlbəttə, hamı kimi biz də təlim-məşq toplanışı keçirəcəyik.

- Bəs yığmanın oyunları ilə əlaqədar yaranmış fasiləni necə dəyərləndirəcəksiniz?
- İki futbolçumuz əsas, 5 oyunçumuz U-21-in düşərgəsinə yollanıb. Bahodir Nasimov Özbəkistan yığmasına dəvət edilib. Flavinyo və Denisin isə mikro zədələri var. Əvəzedici komandadan bir neçə futbolçunu dəvət etməklə ikitərəfli oyunla məşqlərimizi bərpa edəcəyik.