Dünya çempionatında çıxış edən futbolçu “Turan-T”yə görə cəzalandırıldı - FOTO
12.11.2013 - 13:16
Dünya çempionatında çıxış edən futbolçu “Turan-T”yə görə cəzalandırıldı - FOTO
İntizam Komitəsi I dəstə ilə bağlı da qərarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, IX turun ən diqqətçəkən məqamı kimi “Turan-T” – “Şuşa” matçında qeydə alınıb.

Tovuzda keçirilən matçın 89-cu dəqiqəsində qonaqların yarımmüdafiəçisi Fransis Boadi kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Qanalı futbolçu 2 oyunluq cəzalandırılıb. Şuşa təmsilçisi isə afrikalı futbolçunun tutduğu əmələ görə 200 manat cərimə ödəməli olacaq.

Qeyd edək ki, noyabrın 23-də 22 yaşını tamamlayacaq Boadi ölkəsində “Qreyt Olimpiks” klubunda çıxış edib. Məşhur “The Sun” qəzetinin iddiasına görə, 2007-ci ilin dekabrında İngiltərənin “Redinq” klubu ona 2 illik müqavilə təklif edib.

2009-cu ilin iyulunda isə Boadinin adı Moskva MOİK-i və Gürcüstanın bir klubu ilə yanaşı çəkilib. Bir müddət Serbiyanın “Yaqodina” klubunda da baxışda da olmuş futbolçu yaydan “Şuşa”da çıxış edir. O, 2007-ci ildə Cənubi Koreyada keçirilmiş U-17-lərin dünya çempionatının iştirakçılarından olub. Fransis Braziliyanı məğlub etdikləri 1/8 final oyununda (1:0) qırmızı vərəqə alıb.