Şahin Diniyevi tanımayan AFFA nümayəndəsi
12.11.2013 - 15:40
Şahin Diniyevi tanımayan AFFA nümayəndəsi
Topaz Premyer Liqasının XIII turu çərçivəsində keçirilən “Rəvan” – “Sumqayıt” matçından sonra kuryoz hadisə baş verib. Apasport.az saytının məlumatına görə, 1:1 hesabı ilə yekunlaşan görüşün ardından mətbuat konfransını təşkil etməli olan AFFA nümayəndəsi Eldar Qasımov ətrafdakıları təəccübləndirib.

Belə ki, Qasımov “Rəvan”ın mətbuat xidmətinin rəhbəri Elvin Yaqubova yaxınlaşaraq, “Şahin Diniyev sizsiniz?” deyə, soruşub. Az sonra məlum olub ki, AFFA nümayəndəsi heç “Sumqayıt”ın gənc çalışdırcısı Aqil Məmmədovu da tanımırmış.

Maraqlıdır, Premyer Liqa klublarının baş məşqçilərini tanımayan bir şəxs hansı məntiqlə AFFA nümayəndəsi qismində elitanın oyunlarına təyinat alır? Qasımov Milinko Pantiç və ya Georgi Çixradzeni kimi əcnəbi mütəxəssisləri başqa birisi ilə səhv salsaydı, başa düşmək olardı. Ancaq söhbət millimizin sabiq futbolçusu və baş məşqçisi olan Şahin Diniyevdən, eləcə də, yığmamızın və “Neftçi”nin formasını geyinən Aqil Məmmədovdan gedir.

Qeyd edək ki, bu, son vaxtlar AFFA nümayəndələri ilə bağlı yaşanan ilk kuryoz hal deyil. Oktyabrın 23-də Azərbaycan Kubokunun 1/16 final mərhələsində baş tutan “Şuşa” – “Şahdağ” (4:2) matçından sonra görüşün AFFA nümayəndəsi Rauf Əmirov mətbuat konfransını hamamda təşkil etmişdi.