“Başqa əcnəbidənsə, Foqtsun qalması daha yaxşı olar” - MÜSAHİBƏ
12.11.2013 - 17:33
“Başqa əcnəbidənsə, Foqtsun qalması daha yaxşı olar” - MÜSAHİBƏ
Milli komandamızın futbolçusu Vaqif Cavadov yığmanın bu gün keçirilən açıq məşqindən öncə jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının məlumatına görə, “İnter”in üzvü öncə Estoniya və Qırğızıstanla yoldaşlıq oyunları haqqında fikirlərini bildirib.

- Mövsüm davam edir. Bizim bu il son 2 oyunumuzdur. Hazırlıqlar davam edir. İstəyirik ki, millidə ili yaxşı əhval-ruhiyyədə başa vuraq. Şimali İrlandiya və Rusiya ilə görüşlərdə pis nəticə qazanmadıq. Bu dəfə yoldaşlıq oyunlarına çıxsaq da, inanıram ki, qələbələrlə evə dönəcəyik.

- Berti Foqtsun AFFA ilə müqaviləsinin müddəti başa çatır. Alman mütəxəssisin komandada qalmasının tərəfdarısınız?
- Bu haqda çox müzakirələr gedir. Foqtsun qalıb-qalmasını biz futbolçular müəyyənləşdirmirik. Əlbəttə ki, başqa əcnəbi məşqçinin gəlməsindənsə, onun qalması daha yaxşı olar. Yekun qərarı AFFA rəhbərliyi verəcək. İnanıram ki, bu yöndə düzgün qərar qəbul olunacaq. Əminəm ki, kim milliyə baş məşqçi təyin olunsa, Azərbaycan futbolunun inkişafı üçün çalışacaq. Biz futbolçular da bunu istəyirik ki, ən düzgün seçim aparılsın.

- Millimizin sonuncu qolunun müəllifisiniz. Qarşıdakı görüşlərdə də fərqlənmək əsas məqsədinizdir?
- Əsas məqsədim bu deyil. Əsas hədəfim yaxşı oyun göstərmək və beləcə qələbə qazanmaqdır. Mən və bütün uşaqlar bunu istəyir.

- Estoniya öz meydanında güclü rəqibləri büdrədə bilir. Yəqin ki, onlara qarşı əks-hücum taktikası seçəcəksiniz...
- Əks-hücum taktikası seçəcəyimizi deyə bilmərəm. Çünki baş məşqçi hələ taktiki göstərişlərini verməyib. Bu, oyundan bir gün öncə bilinəcək. Baxmayaraq ki, Estoniya millisi seçmə mərhələdə zəif çıxış etdi, ancaq deyə bilərəm ki, bu, yaxşı komandadır. Mübarizə aparmağı sevən kollektivdir.

Səbuhi TOFİQOĞLU