“Rəqibin zəif olması üzərimizdə təzyiq yaradacaq” - MÜSAHİBƏ
12.11.2013 - 17:35
“Rəqibin zəif olması üzərimizdə təzyiq yaradacaq” - MÜSAHİBƏ
Azərbaycan yığmasının və “Rubin” klubunun yarımmüdafiəçisi Ruslan Abışovun apasport.az saytına müsahibəsi

- Qarşıda sizi Estoniya və Qırğızıstanla oyunlar gözləyir. Bu matçlara necə hazırlaşırsınız?
- İlin son oyunlarıdır. Estoniya millisi güclü komandadır. Qırğızıstan haqda isə elə də məlumatım yoxdur. Yoldaşlıq oyunları olmasına rəğmən, qələbə qazanmağa çalışacağıq. Çünki qələbə hər zaman şirin olur.

- “Rubin”də əsas heyətə düşməkdə çətinlik çəkirsiniz. Bu formada qalmağınıza problem yaradırmı?
- Rusiya ilə oyundan sonra əvvəlki zədəm bir qədər də pisləşdi. Üç həftə məşq etmədim. Artıq məşqlərə başlamışam. Yavaş-yavaş formaya düşürəm. “Rubin”dəki karyeram barədə müsbət düşünürəm. Heç nədən çəkinmirəm. Əsas heyətə düşməkdə çətinlik çəksəm də, mübarizə aparıram. Güclü rəqabət var. Yenə deyirəm, “Rubin”də oynayacam və buna inanıram.

- “Qəbələ”yə keçmək variantı real deyil?
- Klublarımıza xidmətimdə maraqlı olduqlarına görə təşəkkürümü bildirirəm. Tək “Qəbələ”dən yox, başqa klubumuzdan da təklif almışam. Bir şeyə görə təəssüflənirəm ki, əgər futbolçu başqa ölkəyə yollanıbsa, niyə onu məcbur edirlər ki, geri qayıtsın. Hamı onu geri çağırır. Ora getmişəmsə, fikrimi ora yönəldirəm. Amma bir balaca oynamayan kimi, burdan gələn təkliflər fikrimi yayındırır. İstənilən halda, “Rubin”də xoşbəxtəm və çalışacam oradan daha güclü klublara keçim.

- Yoldaşlıq oyunu olduğuna görə motivasiya baxımından problem yaranmayacaq?
- Əsas heyətin bir neçə futbolçusu zədəli olduğuna görə, komandaya kömək edə bilməyəcək. Düzdür, Qırğızıstan zəifdir, Estoniyaya qarşı isə baxımlı futbol nümayiş etdirməyə çalışacağıq.

- Vaxtı ilə “Neftçi”də bir yerdə oynadığınız Dmitri Kruqlova qarşı oynamaq çətin olmayacaq?
- Bir neçə ay öncə onunla Rusiyada qarşılaşmışdıq. Onda o, “Rostov”da oynayırdı. Budəfki görüşümüz daha yaxşı alınacaq.

- Qırğızıstanın zəif komanda olması arxayınçılıq yaratmayacaq?
- Nəticələrə baxıram ki, Qırğızıstan İndoneziya, Tacikistan, Küveyin U-21 yığmalarına uduzub. Rəqibin zəif olması üzərimizdə təzyiq yaradacaq. Çünki çoxları bizdən böyükhesablı qələbə gözləyəcək. Bu da komandada müəyyən gərginlik yarada bilər.