“Azərbaycan yığması ilə oyuna dəvət planlarımı pozdu”
13.11.2013 - 10:50
“Azərbaycan yığması ilə oyuna dəvət planlarımı pozdu”
“Azərbaycan və Lixtenşteynlə yoldaşlıq oyunlarına çağırılmağım mənim üçün bir az təəccüblü oldu. Çünki son mövsümü heç də yüksək səviyyədə keçirməmişəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Estoniya yığmasının futbolçusu Ken Kallaste deyib.

Ölkəsinin “Nomme Kalyu” klubunda çıxış edən müdafiəçi noyabrın 15-də Azərbaycan, 19-da Lixtenşteynlə keçiriləcək yoxlama görüşlərinə çağırılan heyətdə yer alıb.

Estoniya çempionatının gümüşü medalını qazanan Kallaste özünün mövsüm ərzindəki çıxışından narazıdır. Bu üzdən də Azərbaycanla oyun Kenin planlarına daxil deyilmiş: “Belə vəziyyətdə yığmadan təklif alacağımı gözləmirdim. Bu üzdən artıq planlarımı da qurmuşdum. Noyabrın 16-da məzuniyyətə başlayacaqdım. Amma milliyə çağırılmaq planlarımı pozdu. Lakin istənilən halda, ölkənin əsas yığmasında oynamaq şərəflidir. Problem yoxdur. Peşəkar futbolçu daim formada olmalıdır. Klubdakı o qədər uğurlu olmayan mövsümün ardından fikrimi yığmaya kökləməliyəm”.

Qeyd edək ki, Kallste millidə 1 oyun keçirib.