Braziliya yolunda son 17 oyun
13.11.2013 - 15:00
Braziliya yolunda son 17 oyun
Bu gün DÇ-2014-ün final mərhələsinə son vəsiqələr uğrunda qarşılaşmalara start veriləcək. Apasport.az saytının məlumatına görə, 8 gün ərzində keçiriləcək 17 oyundan sonra Braziliyadakı mundialın bütün iştirakçıları bəlli olacaq.

DÇ-2014-ə gedən yolun son matçlardan 5-i Afrika zonası üzrə, 3-cü seçmə mərhələnin cavab oyunlarıdır. Hələ oktyabrda ilk oyunlarını keçirən “qara qitə” 10 yığması mundiala 5 vəsiqənin sahibini müəyyənləşdirəcək.

Digər 12 oyun isə 6 pley-off cütü arasında keçiriləcək. Bu cütlərdən ikisi qitələrarası, 4-ü Avropa təmsilçilərinin dueli olacaq. Bu gün məhz müxtəlif qitə yığmalarının iştirakı ilə start götürəcək pley-offda Asiyadan İordaniya Cənubi Amerika təmsilçisi Uruqvay, Şimali Amerikadan Meksika isə Okeaniya zonasının qalibi Yeni Zelandiya ilə görüşəcək.

Avropanın diqqəti isə “Kohnə qitə”nin 8 komandasının iştirakı ilə baş tutacaq matçlara yönələcək. Burada noyabrın 15-də ilk, 4 gün sonra cavab matçları keçiriləcək. Mundiala yollanacaq 4 komandanın müəyyənləşəcəyi bu matçlardan ən maraqlısı Portuqaliya ilə İsveç arasında olacaq. Dünya futbolunun ulduzları Kriştianu Ronaldo və Zlatan İbrahimoviçin lideri olduğu komandalar Braziliya “qatar”ından kənar qalmamağa çalışacaq.

Fransa ilə Ukrayna millilərinin görüşü də az maraq kəsb etmir. Mişel Platininin həmyerliləri cütün favoriti sayılsa da, ukraynalılardan sürpriz gözləmək olar. Yunanıstanla Rumıniya arasında qarşılaşmalarda isə kimin sevinəcəyini proqnozlaşdırmaq da çətindir. Çünki təxminən eyni səviyyəli rəqiblərin matçında favorit yoxdur. Xorvatiya isə çətin ki, problemlə üzləşsin. Pley-offa yüksəlməsi də sensasiya sayılan İslandiyanın möcüzəyə imza atacağına inananların sayı çox azdır.

Qitələrarası pley-off oyunları
13 noyabr

19:00. İordaniya – Uruqvay
00:30. Meksika – Yeni Zelandiya


Avropa zonası üzrə pley-off oyunları
15 noyabr

23:00. Yunanıstan – Rumıniya
23:45. Portuqaliya – İsveç
23:45. Ukrayna – Fransa
23:45. İslandiya – Xorvatiya


Afrika zonası üzrə 3-cü seçmə mərhələ, cavab oyunları
16 noyabr

19:00. Nigeriya – Efiopiya
İlk oyun – 1:2

23:00. Seneqal – Fil Dişi Sahili
İlk oyun – 1:3

17 noyabr
18:00. Kamerun – Tunis
İlk oyun – 0:0

19 noyabr
20:00. Misir – Qana
İlk oyun – 1:6

22:00. Əlcəzair – Burkina Faso
İlk oyun – 2:3

Avropa zonası üzrə pley-off oyunları, cavab oyunları
19 noyabr

23:00. Rumıniya - Yunanıstan
23:15. Xorvatiya - İslandiya
23:45. İsveç - Portuqaliya
00:00. Fransa – Ukrayna


Qitələrarası pley-off oyunları
20 noyabr

10:00. Yeni Zelandiya - Meksika
03:00. Uruqvay – İordaniya


Qeyd edək ki, artıq mundialın 21 iştirakçısı məlumdur. Meydan sahibi Braziliyadan başqa, Şimali və Mərkəzi Amerika, Karib dənizi hövzəsindən ABŞ, Kosta-Rika, Honduras, Asiyadan İran, Cənubi Koreya, Yaponiya, Avstraliya, Cənubi Amerikadan Argentina, Kolumbiya. Çili, Ekvador, Avropadan Belçika, İtaliya, Almaniya, Hollandiya, İsveçrə, Rusiya, Bosniya və Hersoqovina, İngiltərə, İspaniya yığmaları DÇ-2014-ə vəsiqə qazanıb.