Haci: Ermənistan millisi ilə danışıqlar...
14.11.2013 - 04:27
Haci: Ermənistan millisi ilə danışıqlar...
Rumıniya millisinin və “Qalatasaray”ın canlı əfsanəsi George Haci məşqçilik karyerası ilə bağlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, yerli mətbuata danışan 48 yaşlı mütəxəssis Rusiya klublarından təklif aldığı ilə bağlı xəbərləri yalanlayıb.

Ermənistan millisi ilə danışıqların ciddi alınmadığını deyən Haci “Qalatasaray”dan təklif aldığını doğrulayıb: “Rusiya klubuna keçəcəyimlə bağlı mən də heç nə bilmirəm. Amma “Qalatasaray” iddiaları doğru idi. Mən ölkəmdən xaricdə komanda çalışdırmayacağımı demişdim və hələ də bu sözümün üstündə dururam. Ermənistan millisi ilə danışıqlar ciddi alınmadı. Bu xəbərlər içərisində yeganə düzgün olan “Qalatasaray”la bağlı idi. Bəlkə kimsə mənimlə bağlı planları var, amma mənim bunlardan xəbərim yoxdur. Əgər təklif gələrsə və mənim də planlarıma uyğun olarsa, “yox” demərəm. Daim bu işi sevdiyimi demişəm”.

Qeyd edək ki, hazırda ölkəsi Rumıniyada özü təsis etdiyi futbol akademiyasında gənclərlə çalışan Haci futbolçu karyerası ərzində “Real”, “Barselona” və “Qalatasaray” kimi klublarda çıxış edib. Məşqçi olaraq isə o, “Bursaspor”, “Qalatasaray”, “Styaua” və “Timişuara”da işləyib.