“Arsenal”ın qapıçısı: Azərbaycanla oyunda müsbət nəticə qazana bilərik
14.11.2013 - 10:58
“Arsenal”ın qapıçısı: Azərbaycanla oyunda müsbət nəticə qazana bilərik
“Mən makedoniyalıyam və həmişə Makedoniya yığmasında oynayacağam. Bolqarıstan millisinin təklifini qəbul edəcəyimlə bağlı xəbərlər var, ancaq bu, həqiqətdən uzaqdır”. Apasport.az saytının məlumatına görə, bunu Makedoniyanın 21 yaşadək futbolçulardan ibarət komandasının qapıçısı Deyan İliyev deyib.

2 il əvvəl Makedoniya U-17-sinin Türkiyə ilə seçmə mərhələ matçında (1:1) görüşün ən yaxşı oyunçusu seçilməklə “Arsenal” skautlarının diqqətini cəlb edən İliyev yığmamızla oyun öncəsi müsahibə verib. “Arsenal”ın U-18 komandasının üzvü olan “Deni” ləqəbli futbolçu Makedoniyada doğulsa da, əslən bolqar olduğu üçün Bolqarıstan millisindən də dəvət alıb: “Həmişə bütün ürəyimlə Makedoniya üçün oynamaq istəmişəm. Doğulduğun yerə xəyanət etmək olmaz və həmişə mənim üçün ölkənin gerbi olan formada çıxış etmək açıqdır”.

18 yaşlı futbolçu noyabrın 15-də millimiz və 19-da Norveçlə görüşlər haqqında da fikirlərini bildirib: “Milli komandamızın Azərbaycan və Norveçlə oyunlarda müsbət nəticə qazanmaq üçün yaxşı şansları var. Evdən kənarda bu 2 komanda ilə keçirdiyimiz görüşlərdə uğur əldə edə bilməmişdik. Ancaq ümid edirəm ki, azarkeşlərimiz bizi dəstəkləyən zaman milli arenadakı oyunlarımızdan həzz alacaq. Oynamaq şansı əldə etmiş futbolçunun kimliyindən asılı olmayaraq, hamı əlindən gələni edəcək”.

Qeyd edək ki, U-21-in Makedoniya ilə oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Qarşılaşma “II Filip” stadionunda keçiriləcək.