Berti Foqts ağsaqqallar siyahısında
14.11.2013 - 12:15
Berti Foqts ağsaqqallar siyahısında
Azərbaycan millisinin baş məşqçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsinin ən yaşlı çalışdırıcılarından biridir. Apasport.az saytının məlumatına görə, 66 yaşlı almaniyalı mütəxəssis mundiala vəsiqə üçün mübarizə aparan Avropa yığmalarını çalışdıranlar arasında 4-cü yerə şərikdir.

65 yaşlı Mixail Fomenkonun Ukrayna millisində qalıb-qalmayacağını müzakirə edən bu ölkənin mətbuatı onun qocalar siyahısında yer almasını önə çəkir. Həmkarlarımızın hazırladığı ağsaqqallar siyahısına isə Covanni Trapattoni başçılıq edir. 74 yaşlı italiyalı seçmə mərhələnin ən qoca çalışdırıcısı idi.

Norveç yığmasından da ayrılan Eqil Olsenin 71 yaşı var. Siyahıda 3-cü olan 67 yaşlı italiyalı Fabio Kapello isə Rusiyanı mundiala daşıyıb. Apenninli postunu qoruya bilən ən yaşlı məşqçidir.

Ümumi siyahıda 4-cü, hələlik vəzifəsində qalanlar arasında 2-ci yerə şərik olanlar isə Foqtsla İngiltərə yığmasının çalışdırıcısı Roy Hocsondur. Onların hər ikisinin 66 yaşı var.

Qeyd edək ki, daha bit mütəxəssis DÇ-2014-ün seçmə mərhələsində 65 yaşı olarkən çalışıb. Bu da İslandiyanı pley-offa daşıyan Lars Laqerbekdir.