Vaqif Sadıqov: Foqtsun xoşagəlməz çıxışlar etməsi düzgün deyil
14.11.2013 - 13:38
Vaqif Sadıqov: Foqtsun xoşagəlməz çıxışlar etməsi düzgün deyil
“Milli komanda üçün yoldaşlıq oyunları hər zaman böyük əhəmiyyət daşıyır. Yetər ki, düzgün istiqamət seçilsin”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL klubunun baş məşqçisi Vaqif Sadıqov deyib.

Millimizin sabiq baş məşqçisi olan Sadıqov komandamızın qarşıda Estoniya və Qırğızıstana qarşı keçirəcəyi yoldaşlıq matçlarını dəyərləndirib: “Mən gözləyirdim ki, Berti Foqts növbəti oyunlara, özü də, elə də güclü olmayan rəqiblərə qarşı fərqli futbolçuları çağırıb, yoxlayacaq. Yəni, potensiallı oyunçulara özlərini göstərməyə şans verəcək. Ancaq təəssüf ki, eyni futbolçular, eyni heyətdir. Bu da onu göstərir ki, sırf nəticəyə oynayacaqlar. Rekord qırmağı, reytinqdə irəliləməyi daha üstün tutublar. Ancaq düşünürəm ki, bu təlim-məşq toplanışı çərçivəsində keçiriləcək görüşlərdə bir sıra futbolçuları sınamağa dəyərdi”.

Bir müddət yığmamıza rəhbərlik edən Berti Foqtsun köməkçisi vəzifəsini yerinə yetirən təcrübəli mütəxəssis “Foqts qalsın, yoxsa getsin” sualına belə cavab verib: “Berti Foqtsu başqa bir əcnəbi əvəzləyəcəksə, elə onun qalmağı yaxşıdır. Yox, yeni nəfəs gətirmək istəyirlərsə, onda yerli mütəxəssislərdən birinə güvənməyin doğru olduğunu düşünürəm. Yetərtincə yaxşı məşqçilərimiz var, hansı ki, öz şanslarını gözləyirlər. Bu işdə əsas məsələ AFFA rəhbərliyinin hansı istiqaməti seçməsidir. Ancaq qeyd etməliyəm ki, Foqtsun Almaniya mətbuatında xoşagəlməz çıxışlar etməsi düzgün deyil. Millimizdə qalmaq istəmədiyini, öz planlarını olduğunu söyləyir. Təəssüf ki, biz bu insanın adını tez-tez hallandırıb, millidə saxlamaq istəyirik. Bu vəziyyət şəxsən mənim xoşuma gəlmir. Lakin AFFA rəhbərliyi hansı qərarı versə, biz klub çalışdırıcıları üzərimizə düşəni edib, yığmaya hazır oyunçu verməliyik”.