Millimizdən dəvət alan futbolçu “apasport”a danışdı - MÜSAHİBƏ
14.11.2013 - 16:00
Millimizdən dəvət alan futbolçu “apasport”a danışdı - MÜSAHİBƏ
Almaniya mətbuatı Düsseldorf “Fortuna”sının 23 yaşadək futbol komandasının yarımmüdafiəçisi Ərən Taşkının U-21 millimizdən təklif aldığını qeyd edib. Apasport.az dərhal həmin futbolçunu taparaq onunla söhbətləşmək qərarına gəlib. Müsahibə zamanı 21 yaşlı futbolçunun necə AFFA-dan dəvət aldığı, Makedoniya ilə seçmə oyuna niyə aparılmamasına aydınlıq gətirilib.

- Almaniya mətbuatı bizim U-21 millimizdən dəvət aldığınızı yazıb. Bu, doğru xəbərdir?
- Bəli, mən sizin yığmadan konkret təklif almışam. Haqqımda yazılanlardan xəbərim var. Bu, doğru məlumatdır.

- Hazırda hardasan? Makedoniya, yoxsa Almaniyada?
- Yaşadığım və oynadığım Almaniyadayam.

- Bəs, millimizdən dəvət almısınızsa, onda niyə komanda ilə birgə Skopyeyə getməsiniz? Olmaya təklifi qəbul etməmisiniz?
- Yox, sizin yığmada oynamağa razılıq vermişəm. Dediklərinə görə, mənim Azərbaycan pasportum da hazırdır. Makedoniyaya getsəydim, pasportumu orda özümə təqdim etməli idilər. Sadəcə olaraq, hazırda dizimdə zədəm var. Ona görə də Makedoniyaya gedə bilmədim.

- U-21-də “Fortuna”dakı komanda yoldaşınız Tuğrul Erat da çıxış edir. Onun vasitəsilə sizinlə əlaqə saxlanıldı?
- Xeyr. U-21-in baş məşqçisi (Bernhard Lipperti nəzərdə tutur – S.T.) mənim haqqımda “Fortuna”nın II komandasının çalışdırıcısı Taşkın Aksoyla danışıb. Oyunumu harda gördüyümü bilmirəm. Məşqçim də yəqin ki, məni ona tərifləyib.

- Bundan sonra Lippertin özü ilə görüşmüsünüz?
- Hələ onunla görüşmək imkanı əldə etməmişəm. Yalnız Fuad abi (U-21-in inzibatçısı Fuad Muxtarlını nəzərdə tutur – S.T.) ilə görüşmüşəm. O, U-21-də işləyir.

- Millidən təklif sizə nə vaxt edildi?
- Təxminən 1 ay öncə.

- Erat millimizə xeyirli futbolçu olsa da, Azərbaycanla heç bir bağlılığının olmadığını bilirəm. Siz də onun kimi türksünüz?
- Bəli. Azərbaycan əsilli köklərim yoxdur. Almaniyanın Duysburq şəhərində doğulsam da, əslim Sakaryadandır.

- Yəqin ki, dəvəti qəbul edərkən Türkiyə və Almaniya millilərinə çağırıla biləcəyinizi göz önünə almısınız...
- Hər şeyi nəzərə almışam. Ancaq Azərbaycan millisinin rəsmiləri məni heyətlərində görməyi çox istədiyindən seçimimi sizin komanda üzərinə etdim. Üstəlik, Tuğrul mənə millidəki ab-havadan danışmışdı. Komandanı tərifləyirdi. Mənə hər şeyin gözəl olduğunu, orda çıxış etməkdən məmnunluğunu həmişə deyib. Bəlkə də seçimimə yığmanızın seçmə mərhələdə inamlı çıxışı da hardasa təsir edib.

- Yarımmüdafiənin hansı hissəsində çıxış edirsiniz?
- Mən mərkəz oyunçusuyam. Müdafiəçilərin önündə çıxış etməyi bacarsam da, daha çox hücumçunun arxasında Məsut Özil kimi oynamağı sevirəm. Təsadüfi deyil ki, cari mövsüm klubumda 6 qol vurmuşam və 4 məhsuldar ötürməyə imza atmışam.

- Yeri gəlmişkən, son dəfə Tuğrulun qol vurduğu “Uerdingen 05”lə matçda meydanda olduğunuzu görürük. 80-ci dəqiqədə Müllerlə əvəzlənmisiniz. Həmin oyunda zədələnmisiniz?
- Yox. Məşqlər zamanı zədələnmişəm. Hardasa 10 gündür ki, komandanın məşqlərinə çıxa bilmirəm. Dizimə su yığılıb. Məşqlərə nə zaman başlayacağım hələ ki bilinmir.

- “Fortuna”dan qabaq harda çıxış etmisiniz?
- İndiki klubuma bu yay keçmişəm. Bundan öncə “Şalke 04” və “Duysburq”un U-23 komandalarında oynamışam. Ötən mövsüm “Duysburq”da da 6 qol vurmuşdum.

Səbuhi TOFİQOĞLU