Estonlar xəbərdarlıq edir: Azərbaycanla oyuna yemək-içməklə gəlməyin
14.11.2013 - 14:14
Estonlar xəbərdarlıq edir: Azərbaycanla oyuna yemək-içməklə gəlməyin
Estoniya Futbol Assosiasiyası millimizlə sabah baş tutacaq oyuna çox ciddi hazırlaşır. Apasport.az saytının məlumatına görə, yoldaşlıq görüşünün keçiriləcəyi “A. Le Kok Arena”nın qapıları qarşılaşmanın başlanmasına 2 saat qalmış açılacaq.

Yerli assosiasiya kassalarda kütlə izdihamının qarşısını almaq üçün azarkeşlərdən oyuna biletləri mümkün qədər tez almağı xahiş edir. Çünki darvazalar açıldıqdan sonra stadionda musiqi proqramı təşkil olunacaq. Azərbaycanlı azarkeşlər məntəqələrdən oyun proqramı əldə edəcək. Bundan başqa, azarkeşlər stadionun ərazisində pulla ərzaq ala biləcək. Oyunun başlanmasına 45 dəqiqə qalmış stadionun istilik sistemi işə salınacaq. 10 dəqiqə qalmış isə hər iki ölkənin himnləri çalınacaq.

Təşkilatçılar avtomobillə olan azarkeşlərə dayanacaqları təklif etməklə yanaşı, tıxaclardan qurtulmaq üçün onların ictimai nəqliyyat və ya velosipedlərlə matça baxmağa gəlmələrini xahiş edir. Bu isə belə əsaslandırılır ki, dayanacaq tapmaq uzun vaxt alacaq. Üstəlik, yaxındakı küçələrdə hərəkət məhdudlaşdırılacaq. Stadiona giriş isə nəzarət-buraxılış məntəqələrindən olacaq. Assosiasiya tərəfdarlardan evdən yemək, içki və təhlükəli əşyalarla çıxmamalarını tələb edir.

Qeyd edək ki, Estoniya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.