“AZAL yaxşı və ya pis çıxış etsə də, diqqətdən kənar qalır” - MÜSAHİBƏ
14.11.2013 - 14:47
“AZAL yaxşı və ya pis çıxış etsə də, diqqətdən kənar qalır” - MÜSAHİBƏ
AZAL klubunun baş məşqçisi Vaqif Sadıqovun apasport.az saytına müsahibəsi

- Milli komandaların çıxışlar ilə əlaqədar Topaz Premyer Liqasında növbəti dəfə fasilə yaranıb. Yəqin ki, fürsətdən istifadə edib, komandanızın çempionatın geridə qalan bölümündəki çıxışını analiz etmisiniz. Nəticə ürəyinizcədir?
- Hesab edirəm ki, orta səviyyədə çıxış edirik. Düzdür, liderlər qrupuna daxil olmaq şansımız vardı. Eləcə də, daha pis nəticə göstərib, autsayderlər qrupunda ola bilərdik. Hazırda qərarlaşdığımız 6-cı pilləni qənaətbəxş sayıram. Komanda öz potensialından tam şəkildə istifadə edir. Layiq olduğumuz yerdəyik.

- AZAL çempionata “Neftçi”yə (1:4) məğlubiyyətlə başlayıb, daha sonra ardıcıl 4 qələbə qazandı. Gəl ki, VI turda evdə “Qəbələ”yə (1:2) uduzandan bəri qalib gələ bilmirsiniz. Komanda “qara zolaq”dadır?
- Komandamızda ruh düşkünlüyü yoxdur. Sadəcə, bir sıra problemlər var ki, bunlardan da ən başlıcası heyətdən tam şəkildə istifadə edə bilməməyimizdir. “Qəbələ” ilə görüşdən sonra hər matça minimum 2-3 itki ilə çıxırıq. Yəni, müxtəlif səbəblərdən tam heyətlə oynaya bilmirik. Amma onu da deyim ki, AZAL-da əvəzolunmaz futbolçu yoxdur. Biz komanda oyununa üstünlük veririk. Bir məqamı da qeyd edim ki, qələbə qazandığımız həmin 4 oyunun bəzilərində 3 xala layiq olmamışıq, amma qalib gəlməli olduğumuz halda, uduzduğumuz və ya heç-heçə etdiyimiz qarşılaşmalar da olub. İdmandır, həmişə sərf etdiyin gücün qarşılığını almırsan.

- Artıq ardıcıl 8 oyundur ki, meydanı 3 xalsız tərk edirsiniz. Tilsimimi qırmaq üçün 1 qələbəyə ehtiyacınız var?
- Bəli, qələbə qazanmaq həmişə xoşdur. Oyun tempini, özünəinam hissini yüksəltmək üçün qalibiyyət önəmlidir. Heyətdə çatışmazlıqlar olmasa, daha yaxşı nəticə əldə edə bilərik.

- Yeri gəlmişkən, AZAL-ın hazırkı heyətini mükafatçılar sırasına düşmək üçün yetərli sayırsınız?
- Xeyr, etiraf edim ki, yetərli deyil. İddialı rəqiblərlə müqayisədə, bizim heyət zəifdir. Düşünürəm ki, bu mövsüm çempionluq uğrunda 2 komanda mübarizə aparacaq – “Neftçi” və “Qarabağ”. Onlar digərlərindən seçilirlər. “Qəbələ” də mükafat qazanmağa real namizəddir. Bu “üçlük” heyətə, maddi duruma, hər bir şeyə görə üstündürlər.

- Mükafat arzusunda olan digər komandalarla müqayisədə, AZAL-ın üzərində təzyiq yoxdur? Bunu özünüz üçün üstünlük sayırsınız?
- Düşünmürəm ki, digər klubların üzərində ciddi təzyiq var. Belə götürəndə bizdən də nəticə tələb olunur. Lakin AZAL yaxşı və ya pis çıxış etsə də, diqqətdən kənar qalır. AZAL-ı çoxdan yaddan çıxardıblar. İstər kölgədə qaldın, istər diqqət mərkəzində oldun, önəmli olan nəticədir.

- Sonuncu turda “Qarabağ”la oyun göstərdi ki, AZAL-da həm məşqçi işi var, həm də futbolçularda əzmkarlıq, istək hiss olunur. Bu baxımdan komandanızı siyahıdan silmək olmaz. Lakin mükafat qazanmaq üçün heyət gücləndirilməlidir...
- Sizinlə razıyam, heyətimiz böyük marafon üçün yetərli deyil. Rəqabətə davamlı, özümüzə uğun oyunçular almalıyıq. Hazırda əvəzedici heyətdən 1995-97 təvəllüdlü uşaqları əsas komandaya cəlb etmişik. İnanıram ki, gələcəyimiz bu uşaqlardadır.

- Nəzərinizdə olan hansısa futbolçular varmı ki, qışda heyətinizə qatmaq istəyirsiniz?
- Bəli, var. Mən həmişə öncədən planlaşdırıram işimi. Ancaq bu işlər tək istəməklə olmur. Görürsən ki, danışıqlar prosesində problemlər çıxır, keçid baş tutmur.

- Yay fasiləsində AZAL-ı tərk edən Junior Nildo və Zohair Benouahi “Xəzər Lənkəran”a transfer olunsalar da, əvvəlki oyunlarını göstərə bilmirlər. Sizcə, onların problemi nədir?
- Futbolçunun komandaya uyğunlaşması asan iş deyil. Uzağa getməyək, bizim vaxtımızda Vəli Qasımov bir mövsümü Moskva “Spartak”ında çıxış etsə də, özünü göstərə bilmədi. Ancaq daha sonra “Dinamo”ya keçib, bombardir oldu. Yəni, mühitdən çox şey asılıdır. Nildo öz sözünü deyəcək. Ola bilər ki, növbəti görüşlərdə qolları sıralayıb, bombardir olsun.

- Ancaq Benouahi ilə Nildonun işlər heç də yaxşı getmir. Əgər bu futbolçular “Xəzər Lənkəran”a lazım olmasalar geri qaytarmaq istəyərdiniz?
- Əlbəttə, biz onların getməyini istəmirdik. Sadəcə, vəziyyət elə gətirdi ki, mövsümlərarası fasilədə 13 oyunçu komandanı tərk etdi. Onların hər birinin qalmağının tərəfdarıyam. Çünki potensiallarına bələdəm. Nildonu Azərbaycana mən gətirmişəm. Hələ o vaxt ona demişdim ki, “1 nömrə”li hücumçu olub, maraq dairəsinə düşəcəksən. Elə də oldu. Düşünürəm ki, Nildo hələ çox iş görəcək. Onların dönüşü AZAL-ın gücünə güc qatar.