“Qardaşım “cənnətdə görüşərik” deyəndən sonra atışma başlayıb”
14.11.2013 - 18:53
“Qardaşım “cənnətdə görüşərik” deyəndən sonra atışma başlayıb”
“Heç kimi mühakimə etmək istəmirəm. Hərənin öz yolu var. Qardaşım Murad da bu yolu seçdi. Bizim heç nədən xəbərimiz yox idi. O, nə işlə məşğul olduğunu demirdi. Bizi qorumaq üçün edirdi. Bilirdi ki, hər an onun arxasınca gələcəklər”. Apasport.az saytının məlumatına görə, bu sözləri millimizin sabiq futbolçusu Şamil Lahiyalov deyib.

Əslən dağıstanlı olan Şamil vaxtilə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasında çıxış edib. O, həmin vaxt qardaşı Rəşidin sənədləri ilə millinin şərəfini qoruyub. Bir müddət Bakının “Şəfa” klubunun da formasını geyinən Lahiyalov “Sport Ekspress”ə geniş müsahibə verib. Şəxsi həyatından danışan veteran futbolçu terrorçulara qoşulan və 2005-ci ildə qətlə yetirilən digər qardaşı Muraddan da söz açıb: “2005-ci ilin oktyabrında binaların birində mühasirəyə düşdü. Polis və hərbiçilər içəri girməzdən əvvəl evə zəng edib. Mən məşqdə idim. Anam və kiçik qardaşımla danışıb, vidalaşıb. Onun sözləri belə olub: cənnətdə görüşərik. Ondan sonra atışma başlayıb. Dağıstanlı gənclər indi də meşələrə gedib, terrorçulara qoşulurlar. Bu işin sonunu görmürəm. Elə bir ailə yoxdur ki, bundan əziyyət çəkməsin. Qardaşın və ya oğlun getməyibsə, uzaq qohumlarından kimlərsə mütləq gedib. Adətən həmin adamlar öləndən sonra ətraflı məlumat üzə çıxır. “Dağdizel”in futbolçusu Rimixan Ziyadovla da bu cür olmuşdu”.

Qeyd edək ki, Şamil Lahiyalov bir müddət öncə karyerasını başa vurmağa qərar verib.
“Anji”, “Saturn”, “Terek”, Azərbaycanda isə “Şəfa”da oynamış Lahiyalov son vaxtlar oyunun alınmaması üzündən futboldan getməyi üstün tutub. Onun son iş yeri “Krılya Sovetov” olub.