Vladimir Levin: Biz qapını çırpmağı bacardıq
15.11.2013 - 00:01
Vladimir Levin: Biz qapını çırpmağı bacardıq
“Qarşıdakı yoxlama görüşlərində layiqli oyun göstərmək istəyirik. Bu səbəbdən də komanda bir araya gəlib. Yaxşı əhval-ruhiyyədəyik və vətənə müsbət nəticə ilə qayıtmaq istəyirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin futbolçusu Vladimir Levin deyib.

“Qəbələ” klubunun müdafiəçisi əməkdaşımızla söhbətində yığmanın bu gün Estoniya, 4 gün sonra Qırğızıstanla keçiriləcək yoxlama oyunları haqqa fikirlərini açıqlayıb.

Levin almaniyalı baş məşqçi Berti Foqtsun müqaviləsi başa çatandan sonra postunda qalıb-qalmamağına da münasibət bildirib: “Əlbəttə ki, bu sual biz futbolçuları da düşündürür. Lakin hər hansı narahatçılıq keçirmirik. Yəni, bu məsələnin qaranlıq qalması oyunumuza təsir etmir. Bilirəm ki, futbolçuların çoxu Foqtsun qalmasının tərəfdarıdır. Çünki artıq ona öyrəşmişik. Almaniyalını çoxdan tanıyırıq, onun iş sisteminə, nə tələb etdiyinə bələdik. Oyunçuların çoxu bu üzdən dəyişikliklər istəmir. Həm də ki, Foqtsun rəhbərliyi altında kiçik addımlarla da olsa irəliləyirik. Hesab edirik ki, onun qalması ilə inkişaf davam edəcək. Son seçmə mərhələdə qazanmalı olduğumuz, amma bacarmadığımız xalları növbəti tsikldə əldə edəcəyik”.

Levin bugünkü oyun haqda proqnoz verməkdən boyun qaçırıb: “Mən falçı deyiləm ki, nəsə deyim. Biz yalnız hər oyunda mübarizə apara bilərik. Əgər bu səfər matçlarında nəticə qazansaq, gələcəyə nikbin baxmaq olar”.

DÇ-2014-ün seçmə mərhələsinin yekunlarından danışan müdafiəçi, həm mənfi, həm müsbət məqamların olduğunu bildirib: “Seçmə mərhələdə layiqli oyun göstərdik. Özümə gəlincə isə bacardığımı etdim. Sonda Rusiya kimi güclü rəqiblə heç-heçə etməyimiz isə bütün əziyyətimizin bəhrəsi oldu. Biz qapını çırpmağı bacardıq”.

“Qəbələ”nin kapitanı klub karyerasına da toxunub: “Komandada uyğunlaşma prosesi davam edir. Mənim üçün isə bu çətin olmadı. Əksər oyunçuları tanıyırdım. “İnter”i “Qəbələ”yə dəyişməyimə peşman deyiləm. Burada hər şey yaxşıdır. Düzdür, nəticələrimiz daha yaxşı ola bilərdi. Lakin indiki nəticələrimiz də pis deyil. Yuri Syomin çox təcrübəli mütəxəssisdir. Rusiyalı çalışdırıcı baxışlarını və fikirlərini tez-tez bizimlə bölüşür. Belə mütəxəssislə çalışmaq yalnız müsbət təəssüratlar yaradır”.