Uğurlu seriya Tallində qırıldı - YENİLƏNİB
15.11.2013 - 22:39
Uğurlu seriya Tallində qırıldı  - YENİLƏNİB
Bu gün futbol üzrə Azərbaycan milli komandası növbəti matçına çıxıb. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun yetirmələri yoldaşlıq oyunu çərçivəsində Estoniya ilə üz-üzə gəlib.

Ancaq çox təəssüf ki, millimiz mayın 29-dan Qətərlə 1:1 etdiyimiz oyundan başlayan 6 oyunluq məğlubiyyətsiz oyunlar seriyasını davam etdirə bilməyib. Hesabı “Bakı”nın hücumçusu Rauf Əliyev debütant Artyom Artyuninin səhvindən sonra açsa da, fasilədən sonra meydan sahibləri özünə gəlib. Əvvəlcə “Neftçi” və “İnter”in sabiq müdafiəçisi Dmitri Kruqlovun ötürməsindən sonra “Karpatı”nın hücumçusu Sergey Zenyov mükəmməl zərbə ilə debütant Anar Nəzrirova heç bir şans verməyib. Daha sonra 8 dəqiqə əvvəl meydana çıxmış “Sumqayıt”ın hücumçusu Pərdis Fərcad-Azadın tutmalı olduğu Yoel Lindpere qələbə topunu vurub. “Çikaqo Fayr”ın yarımmüdafiəçisi künc zərbəsindən sonra başla fərqlənib. Beləliklə, millimiz Tallini 1:2 hesablı yenilgi ilə tərk etməli olacaq.

Bu, komandamızın indiyədək yoldaşlıq görüşləri və yoxlama xarakterli turnirlərdə 104-cü matçı olub. Belə oyunlarda meydanlardan 28 qələbə, 35 bərabərlik alan yığma 41-ci dəfə məğlub olub. Rəqib qapılarına 97-ci qolunu vuran futbolçularımız 132-ci topunu qapısından buraxıb.

Tarixində 8-ci dəfə Estoniya ilə qarşılaşan millimiz bu yığmaya 3-cü dəfə məğlub olub. Komandamız digər 4 oyunda bərabərlik edibsə, cəmi 1 dəfə qələbə qazanıb.


Yoldaşlıq oyunu
15 noyabr


Estoniya - Azərbaycan - 2:1
QOLLAR:Sergey Zenyov, 54; Yoel Lindpere, 66 - Rauf Əliyev, 44
Hakimlər: Aleksey Nikolayev Oleq Tselovalnikov, Vitali Drozdov (hamısı Rusiya), Silver Koiv (Estoniya).
Tallinn. "A. Le Coq Arena".

ESTONİYA: 1. Sergey Pareyko, 20. Gert Kams, 3. Mikk Reyntam, 21. Artyom Artyunun, 18. Ken Kallaste, 11. Henrik Oyama, 14. Konstantin Vasilyev (k), 5. Dmitri Kruqlov, 8. Henri Anyer, 10. Sergey Zenyov, 6. Aleksandr Dmitriyev
Ehtiyat oyunçular: 12.Maykl Aksalu, 4. Karol Mets, 17. Enap Jagger, 23. Teyjo Teniste, 2. Joel Lindpere, 13. Martin Vunk, 16. Sergey Moşniokov, 19. Siim Luts, 9. Tarmo Kink, 22. Rimo Hunt.

AZƏRBAYCAN: 12. Anar Nəzirov, 2. Bədavi Hüseynov, 3. Rasim Ramaldanov, 4. Mahir Şükürov (k), 5. Elnur Allahverdiyev, 7. Vaqif Cavadov, 10. Rüfət Dadaşov, 11. Rauf Əliyev, 15. Ruslan Abışov, 18. Maksim Medvedev, 19. Rahid Əmirquliyev
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 23. Səlahət Ağayev, 8. Pərdis Fərcad-Azad, 9. Cihan Özkara, 13. Əli Gökdəmir, 16. Cavid Hüseynov, 17. Vüqar Nadirov, 20. Ufuk Budak, 21. Vladimir Levin, 22. Ruslan Əmircanov, 24. İlter Taşkın, 25. Vurğun Hüseynov.

Oyuna maraq olduqca azdır. Matçın start fitinin verilməsinə təxminən 15 dəq qalsa da, tribunalarda maksimum 250 azarkeş var.


Komandalar meydana çıxır.
Hər iki ölkənin dövlət himni səslənir.

Bu da hakimin start fiti. Oyuna estonlar başladı.
Meydan sahiblərinin ilk hücumu təhlükəli alındı. Zenyovun zərbəsini Anar kornerə çıxarır.
Kallastenin zərbəsi qapının üstündən keçdi.
Mərkəz dairəsi daxilində Bədaviyə qarşı kobudluq edilir.
Sağ cinahdan 2 futbolçumuzu asanlıqla keçən Oyamanın qapımıza zərbəsi qeyri-dəqiq alındı.
Raufun uzaq məsafədən qapıya zərbəsini Pareyko asanlıqla dəf edir.
Mahirin cərimə zərbəsindən qapı qarşısına ötürdüyü topu yenə Pareyko tutur.
Estonlar hesabı açmağa yaxın olur. Vasilyevin zərbəsi qapı çatından dönür.
22-ci dəqiqədə millimiz qol vura bilərdi. Rahid cərimə meydançası daxilində bir futbolçunu keçib, qapıya zərbə vurdu. Amma Pareyko topu kornerə çıxardı.
Estonların ardıcıl ikinci künc zərbəsindən sonra qapı qarşısında təhlükəli vəziyyət yarandı. Kruqlovun ötürməsindən sonra Zenyovun başla zərbəsi qapıdan azacıq aralı keçdi.
Yığmamız korner vuracaq.
Anyer meydanın mərkəzindən xeyli irəlilədikdən sonra qapıya qeyri-dəqiq zərbə vurur.
Vaqifin zərbəsi qapıdan xeyli aralı keçir.
Vaqif 2 futbolçunu keçdikdən sonra cərimə meydançası daxilində Raufa əla ötürmə verir. Ancaq Əliyev topa dəqiq zərbə endirə bilmir.
Cavadovu cərimə meydançası qarşısında kobudluqla saxlayırlar. Zərərçəkənin özünün yerinə yetirdiyi cərimə zərbəsində azacıq dəqiqlik çatmadı.
44-cü dəqiqədə hesab açıldı. Artyuninin qapıçıya səhv ötürməsindən sonra topu ələ keçirən Rauf Pareykonu da keçib qol vurdu.
Komandalar fasiləyə yollanır.

Yığmamız ikinci hissəyə əvəzetmə ilə başlayır. Bədavinin yerinə meydana Ufuk çıxır.
Mahirin ötürməsini müdafiəçilər kornerə çıxarır.
Ufukun qapı qarşısına ötürdüyü topa Rüfət dəqiq zərbə vura bilmir.
Hesab dəyişir. Dmitri Kruqlovun ötürməsindən sonra Zenyov mükəmməl zərbə ilə tarazlığı bərpa edir.
Foqts daha bir əvəzetməyə əl atır. O, bu dəfə Dadaşovun yerinə meydana Pərdisi buraxır.
Allahverdiyevə qarşı kobudluq edilir.
Künc zərbəsindən sonra estonlar ikinci qolu vurur. Bu dəfə ikinci hissədə meydana çıxan Yoel Lindpere fərqlənir.
Hesab arasındakı fərq arta bilərdi. Yaxşı ki Vasilyevin uzaqdan zərbəsi dəqiq alınmadı.
Raufu cərimə meydançasında yıxsalar da, hakim qaydanın pozulmadığını bildirir.
Medvedev Əli Gökdəmirlə əvəzlənir.
Ardınca Vaqif yerini Cihan Özkaraya verir.
Rauf dubl etməyə yaxın olur. O, qapıçı ilə üzbəüz qalsa da, topu qapının üstündən vurur.
Kinkin zərbəsini Anar mükəmməl reaksiya ilə dəf etdi.
Oyuna 3 dəqiqə əlavə olundu.
Matç başa çatdı.