“Azərbaycanın belə bir çalışdırıcıya tapşırılması böyük gedişdir”
15.11.2013 - 09:57
“Azərbaycanın belə bir çalışdırıcıya tapşırılması böyük gedişdir”
“Rusiya ilə qarşılaşma göstərdi ki, Azərbaycan yığması necə güclü komandadır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Estoniya milli komandasının baş məşqçisi Tarmo Ruutli deyib.

Bu gün Azərbaycan yığması ilə keçiriləcək yoxlama oyunu ərəfəsində təcrübəli mütəxəssis mətbuat konfransı keçirib. Ruutli yığmamızın DÇ-2014-ün seçmə mərhələsinin Rusiya ilə oktyabrın 15-dəki matçını izlədiyini bildirib: “Biz də məhz həmin oyuna əsasən hazırlaşmışıq. Bu qarşılaşmanı izləyib rəqibi dərindən təhlil etmişik. Rusiya ilə heç-heçə edə bilən rəqiblə matça köklənmişik. Həmin görüşdə azərbaycanlılar rəqiblə bərabər mübarizə aparmışdı”.

Ruutli yığmamız və onun almaniyalı baş məşqçisi Berti Foqts haqda da yüksək fikirdədir: “Bu qarşılaşma Berti Foqtsla ilk görüşüm olacaq. Almaniyalı mütəxəssis böyük məşqçidir.
Azərbaycan yığmasının belə bir çalışdırıcıya tapşırılması böyük gedişdir. Azərbaycan millisinə gəlincə isə ola bilər ki onların nəticələri uğurlu deyil. Lakin onlar yaxşı qurulmuş heyətə malikdir”.

Foqts kimi estoniyalıların çalışdırıcısının da müqaviləsi bu ilin sonunda başa çatır. Elə Ruutli də postunda qalıb-qalmayacağını bilmir: “Müqaviləmin başa çatması heç yadıma düşmür. Bütün fikrimi komandaya yönəltmişəm. Komandamız da Azərbaycanla görüşə konsentrasiya olub”.