“Öz səviyyəmizə və aqressiv oyun tərzimizə inanırıq”
15.11.2013 - 10:11
“Öz səviyyəmizə və aqressiv oyun tərzimizə inanırıq”
“Azərbaycanla oyuna kimi rəqibi tanımaq üçün kifayət qədər vaxtımız olmayıb. Biz addım-addım irəliləyirik. Əvvəlcə Azərbaycanla görüşü, daha sonra Norveçlə oyunu düşünməliyik”. Apasport.az saytının məlumatına görə, bunu Makedoniyanın 21 yaşadək komandasının sağ cinah oyunçusu Stefan Ristovski deyib.

Bu gün millimizlə, noyabrın 19-da Norveç millisi ilə qarşılaşacaq Makedoniya U-21-nə çağırılan futbolçular arasında İtaliyanın B seriya təmsilçisi “Latina”nın futbolçusu Ristovski də var. “Parma”ya məxsus olan 21 yaşlı futbolçu millimizlə qarşılaşmadan öncə fikirlərini açıqlayıb.

Ristovskinin sözlərinə görə, yığmamızın səviyyəsini səfərdə Norveç üzərində 3:1 hesablı qələbə göstərir: “Azərbaycan yığmasının Osloda (əslində isə Drammen şəhərində) qələbə qazanması rəqibin səviyyəsini kifayət qədər aydın göstərir. Ancaq biz də öz səviyyəmizə və aqressiv oyun tərzimizə inanırıq. Bu 2 qarşılaşmadan sonra Avropa çempionatına gedib-getməyəcəyimizə aydınlıq gələcək”.

Qeyd edək ki, Stefan Ristovski Makedoniyanın əsas millisinin də üzvüdür. Futbolçu əsas komandada 11 oyun keçirib. O, debütünü 2011-ci ilin avqustun 10-da Bakıda millimizə qarşı edib. Onda qonaqlar Qoran Pandevin vurduğu yeganə qol ilə qələbə qazanıb.