“Azərbaycanla oyunda qələbə qazansaq, bizim yaxşı şansımız yaranacaq”
15.11.2013 - 12:09
“Azərbaycanla oyunda qələbə qazansaq, bizim yaxşı şansımız yaranacaq”
“Gənclər yığmamızdan ilk dəvəti 17 yaşım olanda almışam. Həmişə də millidən olan çağırışlara məmnuniyyətlə cavab vermişəm. Seleksionerlərin dəvət göndərməsi mənim üçün böyük şərəfdir”. Apasport.az saytının məlumatına görə, bunu Makedoniyanın 21 yaşadək millisinin hücumçusu Aleksandar Traykovski deyib.

Vaxtilə “Çelsi”nin U-19 komandası ilə Amsterdam Kubokunu qazanan Traykovski müsahibəsində karyerasını vərəqləyib. 2011-ci ildə Zapreşiç “İnter”indən Belçikanın “Zulte Varegem” klubuna 1 100 000 avro dəyərində transfer olunan 21 yaşlı futbolçu bu ildən icarə əsasında “Mexelen”in şərəfini qoruyur.

Gənc futbolçu müsahibəsi zamanı millimizlə bugünkü, Norveçlə isə noyabrın 19-da baş tutacaq qarşılaşma haqqında fikirlərini bildirib: “U-21-in son nəsli seçmə mərhələdə əla çıxış etmişdi. 18 ay ərzində məğlub olmamışdıq. Biz tarix yazmağa yaxın idik. Ancaq təəssüf ki, İsraildə keçirilən Avropa çempionatına qatıla bilmədik. Bu nəsil də səviyyəlidir. Bizim əla komandamız var və kollektiv oyun nümayiş etdiririk. Əgər biz Azərbaycan və Norveçlə oyunlarda qələbə qazansaq, bizim yaxşı şansımız yaranacaq. Komandada motivasiya yüksəkdir. Evdə, milli arenada oynayırıq. Ümid edirik ki, azarkeşlər xüsusən bu 2 vacib oyunda bizi dəstəkləyəcək. Komandada ab-hava əladır. Bizim əksəriyyətimiz bir-birimizi yaxşı tanıyırıq. Hər gün komanda birləşmə yolunda daha da yaxşılaşır”.

Qeyd edək ki, Traykovski kapitan Stefan Ristovski kimi 2 dəfə Bakıda da olub. Belə ki, eyni zamanda Makedoniyanın əsas komandasının da hücumçusu olan futbolçu 2011-ci ilin avqustun 11-də millimizlə yoldaşlıq oyununda ilk 45 dəqiqədə meydanda olub. İyunun 8-də U-21-lərin Bakıda qolsuz başa çatan görüşündə isə Aleksandar 87 dəqiqə mübarizə aparıb.