Rahid Əmirquliyev: Yeni məşqçi də vaxt istəyəcək
15.11.2013 - 12:25
Rahid Əmirquliyev: Yeni məşqçi də vaxt istəyəcək
“Estoniya yığmasını zəif hesab etmək olmaz. Düzdü, rəqibimiz 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsində bir o qədər də yaxşı çıxış etməyib. Bildiyimə görə, qrupda 2 qələbə qazanıb, 1 heç-heçə edib. İndi Avropada zəif rəqib anlayışı yoxdur”. Bu sözləri apasport.az saytına milli komandamızın yarımmüdafiəçisi Rahid Əmirquliyev deyib.

Azərbaycan yığması bu gün Tallinndə növbəti yoxlama oyununa çıxacaq ki, rəqib Estoniya millisi olacaq. Qarşılaşma barədə fikirlərini açıqlayan Əmirquliyev millimizi heç də asan sınaq gözləmədiyini düşünür: “2013-cü ilin son oyunlarıdır. Məqsədimiz Estoniya ilə görüşdə qələbə qazanmaqdır. Fikrimcə, baş məşqçi bu qarşılaşmada gənc futbolçulara da şans verəcək. Onlar da özlərini yaxşı tərəfdən göstərmək üçün əllərindən gələni edəcəklər. İndi bütün komandalar az da olsa inkişaf edir. Asan qələbəyə nail ola bilməyəcəyik. Qırğızıstanla görüşə gəlincə, Bişkekdə uduzmayacağımıza 100 faiz əminəm. Çünki estonlarla müqayisədə, Asiya təmsilçisi ilə görüşdə favorit bizik”.

Yığmamız Tallinnə oyundan cəmi 1 gün öncə, özü də bəzi aparıcı futbolçularımız olmadan gəlib ki, bu səbəbdən komandamızın qarşılaşmaya ciddi yanaşmadığı barədə söz-söhbətlər yayılıb. Amma Əmirquliyev bu fikirlərlə razılaşmır: “Milli səviyyəsində hansısa oyuna qeyri-ciddi yanaşmaq olmaz. Səhv etmirəmsə, yığmamız artıq 6 oyundur uduzmur. Biz hər iki görüşdə yaxşı nəticə qazanıb, bu uğurlu seriyanı davam etdirmək fikrindəyik”.

İlin sonunda baş məşqçi Berti Foqtsun milli komanda ilə bağladığı müqavilə başa çatacaq. Artıq bir çox futbolçular almaniyalı mütəxəssisin yığmamızda qalmasını istəyir. Elə “Xəzər Lənkəran”ın kapitanı da millidəki komanda yoldaşları ilə həmfikirdir: “Mən belə fikirləşirəm ki, əgər milliyə yenə başqa əcnəbi gətirməkdənsə, Foqtsun qalması daha yaxşıdır. Artıq 6 ildir ölkəmizdədir. Əksər futbolçuları tanıyır. Yeni əcnəbi isə gəlib vaxt istəyəcək”.